"Mən özüm ictimai nəqliyyatdan istifadə edirəm, avtobus kartımı da göstərə bilərəm"


Siyasət 10 İyl 2020 17:44:00 143 0

"Mən özüm ictimai nəqliyyatdan istifadə edirəm, avtobus kartımı da göstərə bilərəm"

"Şəxsən mən özüm ictimai nəqliyyatdan istifadə edirəm. Brifinq qurtarandan sonra avtobus kartımı da göstərə bilərəm, əgər belə bir marağınız varsa".

Son.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, sərnişin sıxlığının qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi qarşısına xətdə olan avtobusların sayı və metro məntəqələri arasında olan avtobusların sayı artırılması məsələsi qoyulub:

"Karantinlə bağlı qərarların qəbul edilməsində beynəlxalq təcrübə, ölkədəki vəziyyət, real texniki və epidemioloji xüsusiyyətlər nəzərə alınaraq qəbul olunur. Bu məqamlarda avtobuslarda müəyyən sıxlıq olmuşdu, bu qəbul olunur və vizual müşahidələrdə də bu özünü göstərir. Ona görə də Bakı Nəqliyyat Agentliyi qarşısında da bu məsələ qoyulmuşdur ki, xətdə olan avtobusların sayı və metro məntəqələri arasında olan avtobusların sayı artırılsın. Metronun özünəməxsus xüsusiyyətləri var və metro ilə əlaqədar bir qədər fərqli fikir var ki, məhdud bir məkan olduğu üçün, tunel şəraiti olduğu üçün və burada havalandırma ilə əlaqədar bir qədər fərqli fikirlər var. Ona görə də epidemioloji vəziyyət nəzərə alınaraq metronun fəaliyyəti dayandırılıb. Avtobusların fəaliyyətinə gəldikdə isə qeyd etdiyimiz kimi vizual müşahidələr aparılır, avtobusların hərəkəti, sayları təhlil edilir". 

Təhməz Təkin Son.az