"ATƏTin işğal olunmuş torpaqlarda axırıncı faktaraşdırıcı missiyası 10 il bundan əvvəl olub"


Siyasət 10 İyl 2020 15:05:00 161 0

"ATƏTin işğal olunmuş torpaqlarda axırıncı faktaraşdırıcı missiyası 10 il bundan əvvəl olub"

"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupundan konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir".

Bunu Son.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsi zamanı "ATƏT-in Minsk qrupu Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir?" fikirlərini şərh edərkən deyib.

O bilirib ki, ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil, halbuki BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub:

"ATƏT MQ Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" iddiasına cavab verməlidir. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilmir. Halbuki ATƏT MQ həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər. Azərbaycan isə danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür.

ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil, halbuki BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. "ATƏT MQ özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir?!" deyə Azərbaycan prezidenti sual edir. ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir, onlar heç bir reaksiya vermirlər. Ermənistan rəsmilərinin danışıqların pozulmasına yönəlmiş bəyanatlarına Minsk qrupu indiyədək heç bir reaksiya vermirsə, bu, onların da məsuliyyətini artırır. İşğal cinayətinin nəticələrinin aradan qaldırılması ilə məşğul olmağa mükəlləf olunmuş beynəlxalq təşkilatın bu prosesi pozan destruktiv tərəfə - yəni Ermənistana irad bildirmək, Paşinyanın bəyanatlarını pisləmək əvəzinə, işğalın legitimləşdirilməsinə yönəlmiş çağırışlara dair lazımi tədbirlər görməməsi Minsk qrupu həmsədrlərinin də beynəlxalq hüquqa və öz üzərinə götürdüyü vəzifələrin icrasına ən azından səhlənkar, məsuliyyətsiz yanaşması deməkdir".

Xanım politoloq qeyd edib ki, 30 il münaqişəni həll edə bilməyən beynəlxalq təşkilatlatlar qeyri-adekvat olduqlarını qəbul etməlidir:

"Minsk qrupuna həmsədrlik edən dövlətlərin hazırda dünyanın bir sıra bölgələrində, Latın Amerikasında, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda güc savaşı uğrunda mübarizə aparması və burada bütün səylərin Qarabağ münaqişəsinin həllinə yönəlməsi deyil, münaqişə tərəflərindən öz maraqları naminə istifadəyə cəhd etməsi belə bir vəziyyət ortaya çıxarıb. Bir sıra beynəlxalq problemlər kimi Qarabağ münaqişəsi də Cənubi Qafqazı öz təsir dairəsinə daxil etmək istəyən böyük güclərə hər üç bölgə ölkəsi ilə anlaşmanı labüd etdiyindən, həmsədr dövlətlər Ermənistanın məlum bəyanatlarına münasibət bildirmək istəmirlər. Bu gün dünya yenidən sıfırlanır. Belə bir şəraitdə BMT və ATƏT kimi təşkilatlar da artıq öz fəaliyyətsizliyinin fərqinə varmalı, ya hüquqa uyğun davranmalı, öz qəbul etdikləri sənədlərə hörmətlə yanaşılmasını təcavüzkar ölkələrdən tələb etməli, ya da tarixə qovuşacaqlarını dərk etməlidirlər. 30 il münaqişəni həll edə bilməyən beynəlxalq təşkilatlatlar qeyri-adekvat olduqlarını qəbul etməlidir".

Təhməz Təkin Son.az