Həllini gözləyən erkən nikah problemi


Digərləri 09 İyl 2020 23:35:00 162 0

Həllini gözləyən erkən nikah problemi

Azərbycanda qızların hələ nikah yaşına çatmadan ailə qurması, əksər hallarda buna məcbur edilməsi cəmiyyətimizin ciddi problemləri sırasındadır. Əsrlər boyu dillər əzbəri olan "tez oyananla tez evlənən uduzmaz" məsəli nə qədər populyar olsa da, evlilik baxımından məntiqli deyil.

Psixoloq Zeynəb Eyyubova bildirir ki, hər bir insanın bioloji və psixoloji yaşı olur. Bioloji yaş onun doğum tarixi ilə, psixoloji yaş isə, ağlı, zəkası, düşüncəsi, həyata baxışı ilə əlaqəli olur.

Yeniyetməlik dövründə uşaqlar hansı problemlərlə qarşılaşır ...

"Amma evlilik üçün konkret psixoloji baxımdan demək olar ki, yaş yoxdur. Yetkinlik yaşı kimi 11-18 yaş qəbul edilir. Bəzi alimlər isə bu yaşı 11-20 kimi qəbul edir. Amma müasir psixologiya alimləri deyir ki, əgər bir insanın 25 yaşı varsa, hələ də yetkinlik yaşına aid olan hərəkətlər edirsə, deməli o insan hələ də yetkinlik yaşından çıxmayıb. Evlilikdə də belədir. Ola bilsin ki, qızın yaşı olsa da, o ailə qurmağa hazır deyil. Müasir qızlara nəzər salsaq, görəcəyik ki, artıq 15 yaşında tam qadın kimi düşünür, qadın kimi hərəkət edir və ruhu hazırdır. Amma bəzi qızlar var ki, 24-25 yaşı var, amma evliliyə hazır deyil. Belə bir qız gedib bir insanla bir ailə həyatı qurub, onunla bir baxış məcrasından ailə həyatına baxa bilməyəcək", - deyə psxioloq bildirir.

"İstər oğlan, istər qız olsun, ailə məsuliyyətli bir iş, məsuliyyətli yoldur. Buna hazır olmamış çıxanda elə bilin ki, siz bir səfərə azuqəsiz çıxırsınız. Mütləq şəkildə hər bir övlada ali təhsil verilməli, ruhi, fiziki və cismi cəhətdən böyüdülməli, sonra ailə həyatı qurmasına icazə verilməlidir", - deyən ekspert bildirib ki, yuxarıda sözügedən qərar verilərsə, bu halların artımı müşahidə edilə bilər.

Son.az gencaile.az-a istinadən bildirir ki, çünki bəzi insanlar qadağalara meyilli olur. Yəni onlara olmaz dedikdə onlar "olar" deyə anlayırlar.

"Məsələn uşağa getmə, gəlmə, alma demək olmaz. Onlar bu sözləri eşitmir. Sən alma deyəndə o alır. Kişilərdə də bu xarakter var. Həyat yoldaşları və ya anaları "etmə" deyəndə onlar bunu "et" kimi qəbul edirlər. Mənə elə gəlir ki qanunla yanaşı, maarifləndirmə də olmalıdır. Niyə 18 yaşından kiçik insanlara qadağalar var. Bu izah edilsə, daha məqsədə uyğun olar" - deyə psixoloq bildirir.

Sosioloq Tərlan Tağıyeva deyir  ki, Azərbaycan Respublikasında nikaha daxil olmaq üçün nikah yaşı 18-dir. Bu yaş həddi hər iki cins üçün keçərlidir. Nikaha daxil olmaq üçün tərəflər ərizə forması ilə müvafiq İcra Hakimiyyəti orqanına müraciət edirlər. Müraciətdən bir ay sonra onların iştirakı ilə tərəflər arasında nikah bağlanır. Nikah yaşının 18 olmasına baxmayaraq müvafiq icra hakimiyyəti orqanı üzrlü səbəblərdən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Onun sözlərinə görə, valideynlər qız uşaqlarına, mümkün qədər ali təhsil verməmiş ruhən və cismən böyütməmiş ailə həyatı qurmağa icazə verməməlidir.