Rəqəmsal qloballaşmaya doğru


Digərləri 09 İyl 2020 16:42:00 177 0

Rəqəmsal qloballaşmaya doğru

Dünya Səhiyyə Təşkilatının 11 mart tarixində koronavirus infeksiyasını pandemiya elan etməsindən və virusla mübarizə üçün dövlətlərin öz sərhədlərini bağlamasından sonra hər birimizi düşündürən suallardan biri bu oldu ki, gələcək necə olacaq? Bizi hansı şərait gözləyir?

Artıq beş aya yaxındır ki, hər birimiz qlobal mediada və sosial şəbəkələrdə müxtəlif müzakirələrin, mübahisələrin şahidi oluruq. Bir çox hallarda ictimai rəyi çaşdıran xəbərlər gündəmə çevrilir, sürətlə yayılan "fake news" (yalan xəbər) həqiqi informasiyanı üstələyir ki, bu da qlobal anlamda çaşqınlıq yaradır.

Lakin sosial izolyasiya şəraitində nə qədər yaşamağımızdan, pandemiya ilə mübarizənin nə qədər davam etməsindən asılı olmayaraq biz bir məsələni dəqiq bilirik ki, artıq rəqəmsal dünyaya qədəm qoymuşuq. Rəqəmsallaşma həyatımızın vacib hissəsinə çevrilib. Biz hazırda bəlkə də 2-3 il sonra çatacağımız rəqəmsal inkişaf səviyyəsinə artıq indi çatmışıq və bu proses daha da dərinləşəcək.

XX əsrin ikinci yarısından dünya yeni mərhələyə - qloballaşmaya qədəm qoydu. 90-cı illərin əvvəlindən isə bu proses daha da sürətləndi. Dövlətüstü təşkilatların fəaliyyəti daha da genişləndi, transsərhəd ticarət inkişaf etdi, texnoloji inkişaf dövlətləri, cəmiyyətləri və insanları daha yaxın etdi. Qloballaşma dövlətlər və cəmiyyətlər üçün bir çox sahələrdə vahid standarların tətbiqini şərtləndirdi. Hazırda isə bəşəriyyət COVID-19 pandemiyası ilə əlaqədar qloballaşma prosesinin ləngiməsini, dövlətlərin öz sərhədləri daxilində qapanmasını və transsərhəd ticarətin aşağı düşməsini müşahidə edir. "Economic Intelligence Unit" resursu da qeyd edir ki, hazırda pandemiya ilə əlaqədar qlobal deyil, məhz regional təchizat zəncirləri daha da güclənir ki, bu da dünya ticarətini dəyişir.

Biz hazırda qloballaşmanın zəifləməsi ilə yanaşı başqa bir prosesin də şahidi oluruq. Bu isə dövlətlər arasında data tarfikinin, internetə olan tələbatın artması və dünya dövlətlərinin rəqəmsal sahədə sıx əməkdaşlıq etməsidir. Başqa sözlə, hazırda fiziki qloballaşmanın səviyyəsinin aşağı düşməsini, lakin rəqəmsal qloballaşmanın səviyyəsinin artmasını müşahidə edirik. Bəli, artıq hər birimiz günü-gündən dərinləşən rəqəmsal qloballaşma prosesinin iştirakçılarıyıq.

Hazırda dördüncü sənaye inqilabı dövrünə düşən bu pandemiya rəqəmsal texnologiyalara ehtiyacı gücləndirib. Qlobal olaraq internet trafikinin 40% və hətta daha çox artması, informasiya mübadiləsinin daha da sürətlənməsi, biznesin onlayn platformalara keçməsi dünyanın müxtəlif regionlarında insanların rəqəmsal bacarıqlarının artmasına səbəb olub. Təkcə şəhər yeri deyil, artıq kənd yerlərində də sosial izolyasiya şəraitində insanlar intensiv şəkildə rəqəmsal bacarıqlara yiyələnmək üzrədirlər. İnsanların rəqəmsal bacarıqlarının artması isə rəqəmsallaşma prosesini daha da dərinləşdirib, insan həyatını asanlaşdıran innovasiyalara ehtiyacı artırıb.

Şübhəsiz ki, hazırki böhran rəqəmsal bərabərsizliyin səviyyəsinin tez bir zamanda azalmasına, qlobal şəbəkəyə qoşulmuş şəxslərlə qoşulmayanların sayı arasında nisbətin qısa zamanda azalmasına və bir çox regionlarda aradan qalxmasına səbəb olacaq. Həmçinin rəqəmsallaşma bu prosesin əsasında dayanan internet trafikinin artması və qarşıdakı illərdə internetə qoşulacaq əşyaların - cihazların da sayında artımla müşaiyət olunacaq. Bu isə rəqəmsal qloballaşmanı daha da sürətləndirəcək.