AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər?


Digərləri 07 İyl 2020 21:02:00 150 0

AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər?

Növbəti televiziya mövsümü sona çatır. COVİD-19 bütün sahələrə olduğu kimi, teleməkana da təsirsiz ötüşmədi. Bu təsir özünü televiziyalara münasibətdə də göstərdi. Sosial medianın dominantlığının artdığı indiki şəraitdə pandemiya yeni tendensiyanı ortaya çıxardı - daha çox sosial şəbəkələrdən məlumat almağa üstünlik verən izləyici, oxucu yenidən ekran qarşısına qayıtdı, televiziyanı daha ciddi xəbər mənbəyi kimi qəbul etdi.

Azərbaycan Televiziyası üçün də gərgin bir mövsüm geridə qaldı. Bəs ictimai fikir nədən ibarətdir - Ana Televiziya adlandırılan AzTV öz işinin öhdəsindən nə qədər gələ bildi? Tanınmış ictimaiyyət nümayəndələri növbəti mövsümdə telekanladan nələr gözləyirlər?

Sorğuda bu suallara cavab axtarmışıq.

Cahangir Məmmədli (Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor):

- Azərbaycan Televiziyası son 1-2 ildə hətta heç bir televiziyada olmadığı qədər yeniliklərə imza atıb. Xüsusilə maarifləndirici proqramları - "Hədəf", "Çıxışa doğru" kimi verilişləri qeyd edə bilərəm. Televiziyanın yeni formatları nümunə yaradır. Maarifçilik pandemiya dövründə çox əhəmiyyətlidir. AzTV bu baxımdan infodemiyaya şərait yaratmaması ilə seçilir. İnanıram ki, son mövsümdə yenilikləri ilə teleməkanda iz buraxan AzTV bu istiqamətdə işini davam etdirəcək. İnternet telekanalların göbələk kimi artdığı indiki şəraitdə xaricdən Azərbaycana qarşı yönəlmiş informasiya təzyiqində AzTV-nin əks-cəbhə kimi rolu olduqca vacibdir.

Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru):

- Azərbaycan Televiziyasında cüzi də olsa, dəyişiklik hiss edirəm. Müəyyən çalışmalar, cəhdlər var. Ancaq gözləntilərim ondan ibarətdir ki, plülarizm təmin olunsun, televiziya daha cəsarətli olsun. Başa düşürüəm, AzTV dövlət televiziyasıdır. Amma yuxarılardan gələn derektivləri olduğu kimi tətbiq etmək olmaz, jurnalist bu işi bildiyi kimi - peşəkar kimi etməlidir. Televiziya hər şeyin gözəl olduğunu göstərmək üçün deyil. Televiziyanın fəaliyyəti idarəçilərə də kömək etməlidir - həqiqəti bilmək və doğru qərarlar qəbul etmək baxımından. AzTV-dən növbəti mövsümdə daha cəsarətli və rəngarəng olmağı gözləyirəm.

Hikmət Babaoğlu (Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor):

- Çoxillik, zəngin efir ənənələri olan Azərbaycan Televiziyası son dövrlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymağı bacarıb. Bu mərhələ üslub fərqi, yeni yanaşma tərzi, hadisələrə obyektiv təqdim etmə forması ilə və eyni zamanda, informasiya istehlakçısının zövqünü təmin etməklə seçilir. Düşünürəm ki, bu, Azərbaycanın ən böyük auditoriyaya malik olan kanallardan birinin əldə etdiyi ciddi nailiyyətdir. Azərbaycan Televiziyası istər əyləncə və şou proqramlarında yeni keyfiyyət mərhələsinə keçdi, istərsə də xəbər və analitik veriliş siyasətində xeyli dəyişikliklər əldə edə bildi. Eyni zamanda, bu böyük kollektivin gəncləşməsi prosesini, yeni çağırışlara uyğunlaşmasının şahidi oluruq ki, bütün bunlar tamaşaçının da diqqətindən yayınmır. Əminəm ki, bundan sonrakı mərhələdə də Azərbaycan Televiziyası daha böyük uğurlara imza atacaq.

Jalə Əliyeva (Milli Məclisin deputatı):

- Azərbaycan Televiziyası bu mövsümdə də çox sayda ilklərə imza atdı, böyük bir tamaşaçı auditoriyasını ekran qarşısına cəlb etdi. Azərbaycan Televiziyası bu mövsümdə həm də fədakarlıq nümayiş etdirdi - bütün dünyanı silkələyən COVİD-19 pandemiyası şəraitində bu bəladan maksimum az itki ilə çıxmağımız üçün səfərbər olan, atdığı addımlarla vətəndaşın yanında olan Azərbaycan dövlətinin, dövlət başçısı cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq, günün 24 saatı vətəndaşları məlumatlandırmaq və maarifləndirmək üçün Azərbaycan Televiziyasının bütün komandası ayaq üstdə qaldı, dövlətimizin, xalqımızın yanında oldular. Həkimlərimiz, polislərimiz kimi mətbuatımız, televiziyamız da bu aylarda qəhrəmanlıq göstərdi.

Qulu Məhərrəmli (Media məsələləri üzrə ekspert, professor):

- Televizya məkanında gedən dinamik proseslər AzTV-də də hiss olunur. Yaxşı haldır ki, efirdə açıq müzakirələr də aparılır. Ancaq bu müzakirələrin sərhədlərinin genişlənməsini, azadlıq və sərbəstliyin artırılmasını arzu edirəm. Nəzərə almaq lazımdır ki, cəmiyyət yarımçıq həqiqəti qəbul etmir. Əlbəttə, AzTV-də inkişaf var, ancaq nöqsanlar da var. Tezliklə televiziyanın bu nöqsanlardan azad olunmasını istərdim.

Rauf Arifoğlu ("Yeni Müsavat" Media Qrupunun rəhbəri):

- Ölkəmiz üçün ağır dönəm sayılan karantin günlərində AzTV mötəbər və dürüst informasiya qaynağına çevrildi, insanlarımızın istinad nöqtələrindən biri olmağı bacardı. Canlı skayp bağlantıları, aktual mövzulara dair açıq müzakirələr, peşəkarlığın ön plana keçirilməsi bu televiziyaya, onun efirinə marağı artırdı. Əvvəlki kimi, efirdə monotonluq yoxdur. Ölkənin bütün siyasi spektri, bütün fikir cərəyanlarının təmsilçiləri burada özünü ifadə imkanı əldə edib. Bu, böyük uğur və lazımlı istiqamətdir. Gələcək üçün AzTV-dən canlı yayım konseptindəki verilişlərin sayını artırmağı gözləyirəm. Bir də, cəmiyyətdəki rəy liderlərinin AzTV efirində tez-tez görünməsini, onların iştirakı ilə "açıq oturum", müzakirə janrında proqramların hazırlanmasını arzulayıram.

Vüqar Zifəroğlu (BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri üzrə elmlər doktoru):

- Son mövsümdə Azərbaycan Televiziyası həm auditoriyasını genişləndirə bildi, həm də reytinqini yüksəltdi. Televiziyanın yayımladığı bir çox ictimai-siyasi proqramlar trenddə birinci yerdə oldu. Bu, son bir neçə ilin ən ən yüksək göstəricisi hesab oluna bilər. Ümumiyyətlə, AzTV-dən son dövrlərdə peşəkarlıq, həm keyfiyyət baxımından edilən dəyişikliklər göz qabağındadır. Mənə elə gəlir ki, heç kim bunu mübahisə predmetinə çevrə bilməz. Televiziyanın əməkdaşlarına bu yolda uğurlar arzu edirəm, inanıram ki, gələn mövsümdə də analitik, sosial-siyasi məzmunlu, maraqlı verilişlərin, tok-şouların sayı daha çox olacaq. Televiziyanın başlıca funksiyalarından biri də cəmiyyəti maarifləndirməkdir. Böyük tarixi inkişaf yolu keçmiş, məktəb ənənəsi olan Azərbaycan Televiziyasının rolu bu baxımdan çox böyükdür. Son dövrlərdə bu məzmunda dəyişikliklərin şahidiyik.

Ələsgər Məmmədli (Media məsələləri üzrə ekspert, hüquqşünas)

- AzTV-ni bir media hüququ eksperti olaraq illərdir izləyir, monitoriqn edirəm. Televiziyalar hüquqa uyğun və media standartlarına, habelə etikasına ciddi əməl edərək efirdə olmalıdır. Lakin AzTV bu standartları gözləmədən sistemli şəkildə sadəcə rəsmi məlumatları və rəsmi tərəfin təşviqatını efirə verirdi və cəmiyyətin maraqlarını təmsil edən tərəflərin balanslı iştirakı yox idi. Son dönəmlər bu baxımdan bir dəyişim hiss edilir. Aktual məsələlər canlı proqramlarda müzakirəyə çıxarılır və cəmiyyətin müxtəlif təbəqlərindən olan şəxslərin mövqelərinə də yer verilir. Gözləntim budur ki, AzTV bundan sonra hətta fərqli siyasi tərəflərin də görüşlərinə yer versin və aktual məsələlərdə iqtidara münasibətindən aslı olmayaraq hər görüşə yer ayırsın. Təsisçisi dövlət olsa da, o, bütün cəmiyyətin TV-si olmağa cəhd etsin və olsun!

Osman Gündüz (Azərbaycan İnternet Forumunun prezidenti):

- Əvvəlki dövrlərdə verilişlərdə müşayiət olunan durğunluq ruhu aradan qalxıb. Ən diqqətçəkən məqamlardan biri maraqlı tərəflərin iştirakı ilə canlı verilişlərin təşkili yeni tendensiyadır. Hesab edirəm ki, yeni cəlb olunmuş kadrlar, dinamika AzTv-nin imicini müsbət istiqamətdə xeyli dəyişdirib. Amma əlbəttə, demək olmaz ki, AzTV tam olaraq dəyişib və rəqabətədavamlı, nəhəng informasiya resursuna çevrildi - bu, tez olardı. Arzu edirəm ki, bu televiziya xarici telekanllarla rəqabət apara biləcək səviyyəyə gəlib çatsın. Bu gün dünyada qlobal informasiya savaşı gedir və düşünürəm ki, televiziya öz imkanlarından, ona ayrılan dövlət qayğısından istifadə edərək, rəqabətqabiliyyətli informasiya resursuna çevrilə bilər.