Bəla səngiməyib: məsuliyyətli olaq


Digərləri 07 İyl 2020 14:06:00 162 0

Bəla səngiməyib: məsuliyyətli olaq

Qlobal koronavirus pandemiyası Azərbaycanda başlayandan bəri ölkədə karantin rejimi bir qayda olaraq ya bir, ya da iki həftəlik elan olunurdu. Sonradan vəziyyət təhlil olundu, sərtləşdirilmiş karantin rejimindəki nəzarət mexanimzləri təhlil edildi. Qənaət budur ki, bir qədər əvvəl yoluxma hallarının statistikasında müşahdə olunan sürətli artım artıq dayanıb. Durum sabitləşir.

Lakin tələsmək və rahatlaşmaq olmaz, çünki yoduxanlarla sağalanların sayı arasındakı fərqdə müsbət dinamika olsa da, virusa yoluxanların sayı sağalanların sayından hələ də çoxdur.

Belə mənfi nisbətsə ölkənin səhiyyə sisteminə ağır yükdür.

Azərbaycanda indiki situasiya nə qədər davam edəcək, karantin rejimi yumşalacaq, yaxud sərtləşəcək - hələ bəlli deyil. Yaxın günlərdəki vəziyyət bunu göstərəcək.

Karantin rejiminin yumşalmasından sonra dünyanın bir sıra dövlətlərində yoluxma statistikasındakı yeni artım meyli ölkəmizdən də yan keçmədi.

Ona görə də ictimai nəqliyyatın fəaliyyətindəki məhdudiyyətlər və karantin rejiminin bərpası məntiqi, zəruri qərardır.

COVİD-19 koronavirusunun peyvəndi hələ yoxdur və əgər Azərbaycanda karantin rejimi bərpa olunmasaydı, yoluxanların sayı daha sürətlə arta bilərdi.

Ölkədə koronavirusla bağlı qabaqlayıcı tədbirlər görülüb və bu minvalla virusun yayılmasının miqyası nəzarət altında saxlanılır. Hazırda sutkalıq yoluxma sayı 500-nin üstündə olsa da, vəziyyət nəzarətdədir.

Dövlət öhdəsinə düşən bütün işləri artıqlaması ilə görür.

Məsələn, koronavirus testləri üçün fevral ayında bizim cəmi altı laboratoriyamız vardısa, indi həmin laboratoriyaların sayı 29-a çatdırılıb və daha 15 laboratoriya sifariş olunub. Yolda olan laboratoriyalar ölkəyə çatdırılandan sonra Azərbaycanda müvafiq laboratoriyaların sayı 44 olacaq.

Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb.

Koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldıqları 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir.

Təbii ki, biz məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlarımızı vəziyyətə uyğun şəkildə atırıq.

Prezident İlham Əliyev dünən situasiya ilə bağlı deyib: "May ayının əvvəlində biz birinci yumşalma addımları atanda mən demişdim ki, xəstəliyin yayılma sürətinin artdığını görsək, yenidən sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərə qayıtmalı olacağıq, belə də oldu. Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır. Bildirməliyəm ki, bir çox ölkələr yenə də karantin rejiminin daha da sərt formasına qayıdırlar".

Əlbəttə, hər bir məsələ müqayisə tələb edir və deyə bilərəm ki, bizimlə əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir. O ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu, onu göstərir ki, heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz və bu xəstəlik sərhəd tanımır. Ona görə beynəlxalq əməkdaşlığa daha böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır.

Bu xəstəlik bir şeyi də göstərib - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Məsələn, ABŞ, Kanada, İsveç, Fransa, İtaliya, Britaniya, Yaponiya, Sinqapur.

Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.

Və təbii ki, Azərbaycanda koronavirusla bağlı mübarizə çərçivəsində atılan bütün addımlar təhlil olunur.

Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.

Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə cərimələrin məbləği artırıldı.

Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq zərurəti yaranır.

Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar.