Ermənistan bəşəriyyətin xilasının, humanizm prinsiplərinin əksinə yönəlmiş başadüşülməyən addımlar atır


Siyasət 07 İyl 2020 13:39:00 142 0

Ermənistan bəşəriyyətin xilasının, humanizm prinsiplərinin əksinə yönəlmiş başadüşülməyən addımlar atır

Ermənistanın siyasəti dövlətimizə, xalqımıza qarşı nifrətin təzahürü və beynəlxalq aləm tərəfindən səmərəsiz siyasət yürüdən və əməkdaşlığa qapalı olan ölkə kimi tanınmasıdır.

Bunu Son.az-a politoloq Şəbnəm Həsənova Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verməsini şərh edərkən deyib.

"Azərbaycanın qlobal pandemiya dövründə göstərdiyi təşəbbüslər, o cümlədən beynəlxalq müstəvidəki təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər sayılır. Azərbaycan digər beynəlxalq təşkilatlara maliyyə yardımı göstərmişdir. Qlobal pandemiya şəraitinə baxmayaraq cənab Prezidentin rəhbərliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşü keçirilmişdir. Bu zirvə görüşləri beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanmışdır.  Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymətləndirildi və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Əgər təşəbbüsün reallaşması üçün 97 səs lazım idisə Azərbaycan 130-dan çox ölkənin səsini qazandı. Burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan isə bu rəğbəti cənab Prezidentin rəhbərliyi ilə uzun illər ərzində apardığı ardıcıl fəaliyyət, prinsipial, müstəqil siyasət hesabına qazandı. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu haqda məlumat verdilər. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verən Ermənistanın mövqeyi isə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır. Müqayisəli şəkildə desək cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın özünə qapanmama, əməkdaşlıq, dialoq, yardımsevərlik prinsiplərinə sadiq qalıb, çətin vəziyyətdən heç bir ölkəyə qarşı istifadə etməmək, dünya miqyasında səyləri birləşdirməkdirsə, Ermənistanın siyasəti özünü dünyadan təcrid etməsidir. Eyni zamanda, dövlətimizə, xalqımıza qarşı nifrətin təzahürü və beynəlxalq aləm tərəfindən səmərəsiz siyasət yürüdən və əməkdaşlığa qapalı olan ölkə kimi tanınmasıdır.

Bu gün Azərbaycan peyvəndlə bağlı məsələlərdə dünya birliyinin məsuliyyətli ölkəsi kimi bəşəriyyəti maraqlandıran konkret məsələlər qaldırır. Ermənistan isə abstrakt, qətiyyən başadüşülməyən addımlar atır. Bunlar da bəşəriyyətin xilasının, humanizm prinsiplərinin tamamilə əksinə yönəlmişdir".

O bildirib ki, Azərbaycan müstəqil siyasət yürütdüyü halda Ermənistan diktə ilə hərəkət edir: "Ermənistan diplomatik döyüş arenasında hər zaman Azərbaycandan qaçır, çünki uduzacağından əmindir. Ermənistan hər dəfə özünü çox gülünc vəziyyətə qoyur. Bu gün Ermənistanın özü pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. Özləri də etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar və beynəlxalq aləmdən yardım dilənirlər".

Bəxtiyar Umarlı Son.az