"Öldürücü ağrılar idi, sanki sümüklərim qırılırdı"


Digərləri 06 İyl 2020 15:07:00 171 0

"Öldürücü ağrılar idi, sanki sümüklərim qırılırdı"

"20 günün içində 15 kiloya yaxın çəki itirmişəm"

"Ölkədə pandemiya elan olunduqdan sonra karantin başlayandan mən bütün qayda-qanunlara tam riayət edirdim. Sonra Operativ Qərargah karantin qaydalarının yumşaldılmasını elan edəndə məndə arxayınlıq yarandı. Təxminən 10 gün maska və spirtdən istifadə etməməyə başladım. İyunun 7-də özümdə dərin yorğunluq hiss etdim. Sanki 2, 3 sutkadır yatmıram".

Bunu Son.az-a açıqlamasında koronavirusa qalib gələn Əfqanıstan döyüşlərinin iştirakçısı, Qarabağ qazisi Səfər Hümbətov deyib.

O bildirib ki, koronavirusa yoluxan şəxsin müalicə şərtlərindən birincisi psixoloji cəhətdən özünü ələ almasıdır:

"Yatdım durdum, gördüm bu halsızlıq keçmədi. Dedim ola blər yorğunluqdandır. Keçdi, səhəri gün baxdım ürəyim bulanır, başım ağrayır. Gördüm yox, nəsə vəziyyət yaxşılığa doğru getmir. Hiss etdim ki, qızdırmam var. Ölçdüm 37,4 göstərdi. Onda şübhələndim. Bir həkim dostum var, ona dedim ki, məndə vəziyyət bu cürdür. Simptomları soruşdu, mən də dedim. Simptomlar sizə dediyim simptomlar, sonra isə qızdırma, onun ardınca qarın ağrısı və ihsal. Həkim dostum soruşdu ki, dadbilmə, iybilməni bilirsənmi? Ona qədər fikir verməmişdim. Həmişə istifadə etdiyim sabunu iylədim, iyini hiss etmədim.

Öldürücü ağrılar idi

Dadbilmə də itdi, sonra başağrıları, bütün sümüklərim sanki bir-birindən ayrılırdı, qırılırdı. Elə bir hissiyat var idi, çox, həddindən artıq bədən ağrısı yaranmışdı. Deyərdim, dırnaqdan tükə qədər ağrı, adam öldürücü ağrılar idi. Sonra evdə müalicəyə başladım. Keçən ayın artıq 9-10-u idi, 103-ə də zəng etdim. Dedilər ki, 3 gündən sonra gələ bilərik. 3 günün çağırışları hələ durur, növbə sizə çatanda gələcək. Başladım özümü müalicə etməyə, həmişə qripi, soyuqdəymə, qızdırma olanda necə müalicə ediriksə həmin antibiotik və immun gücləndirici mayelər, sistemlər. Amma getdikcə temperaturum bu mülicəyə tabe olmadı. Ayın artıq 11-də məndə temperatur 39,5-ə çatdı. Öskürmə, artıq sinədə ağrılar hiss edirdim, tam boğulma olmasa da tənəffüsüm yarımçıq idi. TƏBİB-dən dostlarım vasitəsi ilə mənə təcili yardım göndərildi.

Ölümə yaxın idim, elə bil hanısa taxta qapıya dəyirdim

Məni ayın 12-si axşam saat 7-8 ərəfəsində apardılar yeni klinikaya. Aparılan kimi qandan analiz götürüləndən sonra sistem köçürülməsi və intensiv müalicələr başladı. Mən Yeni Klinikada 16 gün yatdım. İlk bir həftəm ağır keçdi, müalicələrə bədən tabe olmurdu, səhhətim kəskinləşirdi. Nəfəs darlığı yaranmışdı, oksigen balonuna qoşuldum. Ölümə yaxın idim, elə bil hanısa taxta qapıya dəyirdim. Cəhənnəmdir, cənnətdir bilmirəm, onu hiss edirdim ki, ölümə tam yaxınam. Amma çarpaz müalicələr bir həftə sonra effektini göstərməyə başladı. Baxmayaraq ki, mən psixoloji cəhətdən tam hazır idim. Dünyanın hər üzünü (Əfqanıstan, Qarabağ müharibələri) görmüşəm. Ölümün gözünün içinə dik baxdığım anlar olub həyatımda. Psixoloji cəhətdən özümü tam idarə etsəm də, amma fiziki cəhətdən əldən getdiyini hiss edirsən. Amma bir həftədən sonra o müalicələrin effektini hiss etdim, səhhətimdə artıq yaxşılığa doğru dəyişiklik hiss etməyə başladım.