Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%nə Azərbaycanda rast gəlinir


Digərləri 06 İyl 2020 14:44:00 187 0

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%nə Azərbaycanda rast gəlinir

Ümumilikdə Qafqazda yayılan bitki növlərinin təqribən 64%-nə Azərbaycanda rast gəlinir.

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu tərəfindən Son.az-a verilən məlumata görə, ölkəmizdə 5000-ə qədər ali bitki növü qeydə alınıb. Ölkə florası üçüncü dövrə aid olan relikt bitki növləri ilə də olduqca zəngindir.

2012-ci ildə dünyanın ən iri toxum banklarından biri hesab edilən Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu arasında Azərbaycan florasının prioritet bitki növlərinin, xüsusilə nadir, nəsli kəsilməkdə olan və iqtisadi əhəmiyyətli növlərin mühafizəsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.

Ümumilikdə həyata keçirilən layihələr üzrə Toxum Bankında 291 toxum kolleksiyalarında 56 fəsilə və 142 cinsə aid 246 yabanı bitki növünün toxumları mühafizə olunur. Onlardan 10 növü Azərbaycan, 29 növü Qafqaz endemidir. Toxum kolleksiyalarında eyni zamanda Azərbaycanın "Qırmızı Kitabı"na daxil olan 28 nadir və 6 relikt bitki növünün toxumları da mövcuddur.

Minilliyin Toxum Bankı Tərəfdaşlığının dəstəyi nəticəsində 2017-ci ildə Botanika İnstitutunun Toxum Bankı (BİTB) yaradılmışdır. BİTB yabanı bitki növlərinin toxum kolleksiyalarının qısa və uzun müddətli saxlanması üçün nəzərdə tutulmuşdur. Botanika İnstitutunda toxum bankının yaradılması bir çox hallarda nəsli kəsilmək təhlükəsi altında olan populyasiyaların saxlanılması üçün vacib alətdir. Məlumdur ki, Toxum bankı uzun illər səmərəli qənaət edə bilər və toxumlar sonra fövqəladə vəziyyətdə yenidən istifadə olunur. Bu, həm də Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması və davamlı inkişafı ilə bağlı gələcək araşdırmalara töhfə verəcək.