Qırmızı dənizdə neft sızması böyük ekoloji fəlakətə səbəb ola bilər


Dünya 05 İyl 2020 18:10:00 146 0

Qırmızı dənizdə neft sızması böyük ekoloji fəlakətə səbəb ola bilər

Hutsi qiyamçılarının əlində olan Qırmızı dənizin Yəmən sahillərindəki Xudayda limanında xam neftin boşaldılması və təkrar yüklənməsi üzrə "FSO Safer" gəmisində baş verə biləcək hər hansı qəza böyük ekoloji fəlakətə səbəb ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, "FSO Safer" 1988-ci ildən bəri Yəmən sahilindən 7 kilometr uzaqlıqda üzür və 2015-ci ilin martında liman Hutsi qiyamçıları tərəfindən zəbt olunub. Artıq beş ildir ki, qiyamçı dəstə mühəndislərdən ibarət beynəlxalq qrupa gəminin göyərtəsində təmir işləri aparmağa icazə vermir. Bu səbəbdən "FSO Safer"də olan 1,4 milyon barel xam neftin hər an Qırmızı dənizə axması təhlükəsi yaranıb. Qeyd edilib ki, baş verə biləcək qəzanın ekoloji fəsadları 1989-cu ildə Alyaskada üzən "Exxon Valdez" tankerinin törətdiyi fəlakətdən də ağır ola bilər.

Böyük Britaniyanın Yəməndəki səfiri Maykl Aron da BMT TŞ-na sədrlik edən Almaniyaya müraciətində bildirib ki, "FSO Safer" Qırmızı dənizin bütün sahilyanı ölkələri üçün potensial təhlükə mənbəyidir. O, BMT-nin nümayəndələrinin iştirakı ilə mühəndis qrupunun təcili olaraq gəmiyə buraxılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.