Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız


Digərləri 04 İyl 2020 17:12:00 160 0

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız

Son.az Kulis.az-a istinadən əməkdar artist Gülnar Salmanova haqqında maraqlı faktları təqdim edir.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. Lakin bir müddət sonra aktrisa həyat yoldaşından ayrılıb, oğlunu tək böyütməyə qərar verib.

***

Aktrisa müsahibələrinin birində deyir: "Həyat yoldaşımdan xəyanət üstündə ayrıldım. O vaxt öz puluma özümə yeni ev də aldım. Teatrda çalışanda oğlumu qaynanam saxlayırdı, yoldaşımdan ayrılandan sonra ona anam baxdı. Altı yaşı olanda oğlumu məktəbə özüm aparıb-gətirirdim. Oradan da çıxıb gəlirdim teatra. Bəzən o da dəftər-kitabını götürüb mənimlə birlikdə teatra gəlirdi. Çox sakit uşaq idi, bir küncdə oturub dərsləri ilə məşğul olurdu. Anam rəhmətə gedəndən sonra övladımı tək böyüdüb, tək də yaşadım."

Ailəli ola-ola İncəsənət universitetinin musiqili komediya fakültəsində təhsil alan aktrisa 1981-ci ildə oranı bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

***

Aktrisa teatra yenicə gəldiyi illərdə teatrda Vaqif İbrahimoğlunun qurluşunda hazırlanan "Arşın mal alan" əsərində Gülçöhrə rolunu ifa edərkən digər aktrisa Sona Həsənova ilə konflikt yaşayıb. Hətta aktrisa səhnəyə təzimə çıxanda Sona Həsənova onu yumruğu ilə itələyib.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb. Aktrisa bir dəfə teatr ilə İmişliyə qastrol səfərinə yola düşür. Dözülməz istilərin yaşandığı bir vaxtda aktyorlar pambıqçılar üçün konsert verməli idilər. Kolxoz sədri qonaqları çardağa aparır. Lütfiyyə Səfərova ilə Gülnar xanım isə getmir.Onlar yaxınlıqdakı çaya əl-üzlərini yumaq üçün yollanırlar. Lakin, iş elə gətirir ki, Gülnar xanımın ayağı sürüşür çaya düşür, əynindəki ağ səhnə paltarı da palçığa bulaşır. Onu yaxınlıqdan keçən kəndlilərdən biri xilas edir. Pambıqçı qızlar aktrisanın paltaraını yuyurlar, ona isə geyinmək üçün xalat verirlər. Aktrisa xalatla da səhnəyə çıxır. Bundan sonra Hacıbaba Bağırov onu nə zaman görürmüşsə, ay camaat, qaçın, "vodolaz qız gəldi" sözlərini deyib.

***

Gülnar Salmanovanın ilk ekran işlərindən biri Aslan Qəhrəmanovun "Səni axtarıram" televiziya tamaşasının "Bağışla" adlı ikinci hissəsindəki epizodik rolu olub. Aktrisa burada Elçinin yəni Yaşar Nurinin katibəsi rolunu ifa edir. Tamaşadakı adı da elə Gülnar olur. Onun bu televiziya tamaşasında "Elçin müəllim, çay içirsiniz?" sözü dillər əzbərinə çevrilir.

Aktrisaya ən böyük məşhurluğu isə 80-ci illərdə "Səhər görüşləri" proqramındakı obrazı gətirdi. Bu səhnəcikdə aktrisa aktyor Ağaxan Salmanlının arvadı rolunda çıxış edirdi. Həyatda hər iki aktyorun soyadı bənzər olduğundan tamaşaçılar onları həyatda da ər və arvad hesab ediblər. Ağaxan Salmanlı bu barədə belə deyirdi: Tamaşaçıların böyük əksəriyyəti bizi ər-arvad kimi tanıyıblar. Məni tədbirlərə, toya çağırıblar. Mən də getmişəm. Tökülüşüblər üstümə ki, niyə tək gəlmisən, biz elə bilirdik yoldaşınla gələrsən. Əvvəl başa düşmürdüm, yoldaşımın bura nə dəxili. Sonradan Gülnarın hal-əhvalını soruşanda, bilirdim ki, bunlar səhv salıblar. Açıqlayırdım ki, biz sənət yoldaşıyıq, həyat yoldaşı yox. Soyadlarımızın eyniliyi siz çaşdırmasın".

***

Aktrisa uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Lakin ömrünün son illərində o, böyrək çatışmazlığından və xərçəngdən müalicə olunurdu. Aktrisanın özünün sözlərinə görə ağır xəstələnməsinə səbəb həkimin ona vurduğu səhv iynələr olub. O, müsahibələrinin birində deyirdi: Neçə il bundan əvvəl yüngül bir xəstəliyim var idi, həkim pula görə mənə səhv iynə vurdu. Xəstəlik də elə oradan başladı. Onu Allaha tapşırmışam. Səhv iynə ucbatından məni pis günə qoydu. O, çox pis insandır".

Sonralar aktrisanın vəziyyəti pisləşəndə həmin həkim onun evinə gələrək sistemin altında olan aktrisanın ayaqlarına düşüb, ona yalvarır ki, qurban olum, məni bağışla, iki yetim saxlayıram".