"Bəlkə ilk dəfə idi ki, belə bir şeyə şahid olurdum. Xəstə..."


Digərləri 04 İyl 2020 13:33:00 172 0

"Bəlkə ilk dəfə idi ki, belə bir şeyə şahid olurdum. Xəstə..."

"Başa düşməlidirlər ki, onların məsuliyyətsizlikləri ucbatından sevdiklərini itirənlər var"

"Mən haradasa mart ayının 24-dən, respublikada artıq pandemiya və karantin dövrü elan ediləndən Mərkəzi Neftçilər Xəstəxanasında bu işdə çalışıram və bura gələn ilk həkimlərdən biriyəm. Şöbəyə girdiyim ilk gün COVİD-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi ilə məşğul olmaq mənim ilk təcrübəm idi".

Bunu Son.az-a açıqlamasında koronavirus xəstələrinin müalicə olduğu xəstəxananın həkim-infeksionisti Süleyman Kamilov deyib.

İlk xəstəni görəndə düşündüm ki, həqiqətən də COVİD-19 bu idi

"Düzdür, həyəcanlı idim. Az tərəddüd edirdim, içimdə az miqdarda qorxu da var idi. Çünki nə ilə, kimlərlə, hansı formada, hansı xəstəliklə qarşılaşacağımı hələ bilmirdim. Şöbəyə girdiyim ilk zamanlar simptomları zəif və asimptomatik (simptomları olmayan xəstələr) xəstələr çox idi. Amma ilk gün indiyə kimi yadımdadır ki, bir palataya girdim, ilk xəstəni görəndə düşündüm ki, həqiqətən də COVİD-19 bu idi. Çünki bəlkə ilk dəfə idi ki, belə bir şeyə şahid olurdum. Xəstə kəskin şəkildə boğulurdu, təngnəfəs idi və sanki baxışları ilə kömək istəyirdi.

Xəstə gözləri ilə kömək istəyir, sanki yalvarır

Pnevmaniyalı ağır xəstələrim olub, bu xəstələrin sayı kifayət qədər olub, onlar da ağır olublar. Amma situasiya bu formada olmayıb. Mən ilk dəfə idi ki, belə bir şeyin şahidi olurdum, xəstə gözləri ilə kömək istəyir, sanki yalvarır, danışa bilmirdi. Dərhal müdaxilə etdik. Tibb bacılarına nə etmək lazım olduğunu göstəriş verdim. Dərhal xəstəni oksigenə bağladıq, dərman müdaxilələri etdik. Doğru müdaxilələrimizə baxmayaraq, xəstəni intubasiya edib, reanimasiya şöbəsinə qaldırmaq məcburiyyətində olduq. Xəstənin müalicəsi uzun getdi. Sonra xəstəni süni tənəffüs aparatından ayırdıq. Xəstənin süni tənəffüs aparatından sonra da müalicəsi davam etdi. Hazırda o xəstəmiz sağalıb, evə gedib. Bu, ilk günlər idi...

Koronavirus yaşa baxmır

Zaman keçdikcə xəstələrin ağırlıq dərəcələri artdı. İlk vaxtlar elə düşünürdük ki, koronavirus cavanlara, yaşı az olanlara təsir etməz. Amma zamanla ağır xəstələrimi gördükcə və həmin xəstələrin bəzilərinin yaşlarının az olması, yaşlarının az olmasına baxmayaraq ölüm hallarının baş verməsi bir daha sübut etdi ki, bu xəstəlik yaşa baxmır. İnsanların məsuliyyətsiz davranması, hələ də bəzi insanların koronavirus yoxdur deməsi, əhalinin sıx olduğu yerdə maskasız davranması, karantin qaydalarını kobud şəkildə pozması, özlərinin olmasa da yaxınlarının, sevdiklrinin həyatını təhlükəyə atmaqda davam edir. Yoluxma sayı nə qədər çox olacaqsa xəstəliyin ağırlıq dərəcəsi də bir o qədər çox olacaq. Çünki yoluxma sayı nə qədər çox artarsa bir xəstənin daha çox virus yükü ilə yüklənməsinə səbəb olacaq. Virus yükü ilə bir insan nə qədər çox yüklənərsə, o xəstənin ağırlıq dərəcəsi də bir o qədər çox olacaq. Biz bunu artıq təcrübələrimizdə müşahidə edirik. Əvvəlki aylarda yoluxma sayı 20, 30, 40, 50, 60 olduğu halda gələn xəstələrin ağırlıq dərəcəsi 550, 570, 600 xəstənin yoluxması halında bizə müraciət edən xəstələrin ağırlıq dərəcəsindən fərqlidir.