Misirdə siyasi partiya liderləri qarşıdakı parlament seçkilərini müzakirə edəcəklər


Dünya 04 İyl 2020 08:53:00 128 0

Misirdə siyasi partiya liderləri qarşıdakı parlament seçkilərini müzakirə edəcəklər

Misirdə siyasi partiyaların liderləri Senata və Nümayəndələr Palatasına qarşıdan gələn seçkilərlə əlaqədar iki mərhələdən ibarət müzakirələr aparacaqlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qanunverici orqanda çoxluq təşkil edən "Müstəqbəl Vətən" ("Vətənin gələcəyi") partiyasının baş katibi Əşrəf Rəşad məlumat verib. O qeyd edib ki, müzakirələrin birinci mərhələsində "Ədl", Respublikaçılar, "Mötəmər" ("Konfrans"), Müasir Misir və Millətin mühafizəçiləri, ikinci mərhələdə isə "Sabah", "Vəfd" və "Təqammü" partiyalarının liderləri iştirak edəcək.

İyunun 17-də Misir parlamenti avqustda Senata və noyabrda Nümayəndələr Palatasına seçkilərin keçirilməsi barədə qanun layihəsini qəbul edib, iyulun 1-də isə ölkə Prezidenti Əbdülfəttah əl-Sisi onu imzalayıb. "Biz 300 yerdən ibarət olacaq Senata ilk seçkiləri keçirəcəyik. Bundan başqa, noyabrda 596 deputatın təmsil olunacağı Nümayəndələr Palatasına da seçkilər keçiriləcək. Bu yerlərin 50 faizinə namizədlər siyasi partiyalar tərəfindən - proporsional qaydada irəli sürüləcək. Müzakirələrdə onların arasında seçki koalisiyasının yaradılması məsələsi diqqət mərkəzində olacaq", -deyə Ə.Rəşad qeyd edib. O əlavə edib ki, seçkilərdə üç güclü koalisiyanın rəqabət aparması daha effektli olacaq.

Misirin ən qocaman siyasi partiyası olan "Vəfd"in sədri Bahəddin Əbu Şoka artıq "Müstəqbəl Vətən" ilə seçki koalisiyasına müsbət cavab verib. Bu iki partiya 2015-ci ildə keçirilmiş seçkilərdə yerlərin 18 faizini qazanıblar.