ABŞ Kino Akademiyası yeni simalar axtarır


Digərləri 03 İyl 2020 21:50:00 142 0

ABŞ Kino Akademiyası yeni simalar axtarır

Amerika Kino Akademiyası yenilənmə istiqamətində addımlar atır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bütün dünyada 800-dən çox kino sənəti xadiminə bu Akademiyaya daxil olmaq barədə dəvətnamələr göndərilib.

Son illərdə bu məşhur Kino Akademiyası dərin böhranla üzləşib, "Oskar" mükafatı üçün filmlər və nominantlar seçimi zamanı etnik müxtəlifliyin olmamasına görə tənqidə məruz qalıb. Vaxtilə çox nüfuzlu kino prodüseri Harvi Vaynşteynin adı ilə bağlı qalmaqal da bu mükafatın statusuna ciddi zərbə vurub. Amerika kino sənayesinin hüdudlarından kənara çıxmış bu qalmaqal beynəlxalq miqyas almış #MeeToo hərəkatının yaranmasına səbəb olub.

Kino Akademiyası öz imicini bərpa etmək üçün yeni simaları cəlb etməyi qərara alıb. Onlarca ölkəyə dəvətnamələr göndərilib.

Amerika Kino Akademiyasının dəvət etdiyi xadimlərin təqribən yarısı qadınlar və etnik azlıqların nümayəndələridir. Bu addımın məqsədi bütövlükdə əyləncə sənayesinin, o cümlədən kinematoqrafın inklüzivliyini artırmaqdır.

Bu tədbirin bilavasitə Kino Akademiyasının daxilində rolların bölüşdürülməsinə necə təsir edəcəyi hələ aydın deyil. Ola bilsin ki, ilk müsbət dəyişikliklər gələn ilin baharında - "Oskar" mükafatının növbəti təqdimetmə mərasimi keçirilərkən görünəcək.