FAO: Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb


Dünya 03 İyl 2020 20:48:00 144 0

FAO: Qlobal ərzaq məhsullarının qiymətləri iyun ayında artıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal səviyyədə taxıl istehsalının 2020/21-ci illərdə yeni rekord səviyyəyə çatacağını və ehtiyatların kifayət qədər təmin olunacağını, ərzaq yardımına tələbatın isə artacağını gözləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, iyun ayında bitki yağları, şəkər və süd məhsullarının qiymətlərinin artması nəticəsində qlobal səviyyədə ərzaq məhsulları qiymətləri ilin əvvəlindən bəri ilk dəfə artıb. Lakin taxıl və ət bazarlarında qiymətlər COVID-19 pandemiyasının səbəb olduğu bazar qeyri-müəyyənliyi şəraitində təzyiq altında qalıb.

Ən çox satılan ərzaq məhsullarının beynəlxalq qiymətlərinin dinamikasının izləndiyi FAO-nun ərzaq qiymətləri indeksinə görə iyun ayında orta hesabla 93,2 bal təşkil edib, bu da ötən aya nisbətən 2,4 faiz çoxdur.

2020-ci ilin iyul ayından etibarən ərzaq qiymətləri indeksində qiymətlərin əhatə dairəsi genişləndirilib, baza müddəti isə 2002-2004-cü ildən 2014-2016-cı illərə dəyişdirilib. Bu düzəliş haqda daha ətraflı məlumat FAO-nun 2020-ci il üçün "Ərzaq proqnozu" jurnalının iyun sayında dərc edilmiş məqaləsində əksini tapıb. 2013-cü ilin noyabr ayında nəşr olunan məqalədə isə indeksin əvvəlki quruluşu haqda texniki məlumatlar var.

FAO bitki yağı qiymətləri indeksi dörd ay ardıcıl olaraq düşdükdən sonra iyun ayında 11,3 faiz artıb. Bu artım bir sıra ölkələrdə COVID-19 ilə əlaqədar karantin tədbirlərinin yumşadılmasından sonra qlobal idxal tələbatının bərpası və miqrant işçi qüvvəsinin uzun müddət çatışmamazlığı səbəbindən istehsalın azalması ilə bağlı narahatlıqların azalması nəticəsində palma yağının qiymətinin kəskin artımını əks etdirir. Həmçinin soya, günəbaxan və kolza yağı qiymətləri də artıb.

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən iyun ayında 10,6 faiz artıb. Xam neft qiymətlərinin artması şəkər bazarlarına güclü dəstək verərək Braziliyanın şəkər fabriklərini şəkər əvəzinə etanol istehsal etmək üçün daha çox şəkər qamışından istifadə etməyə təşviq edib və bununla da şəkərin ixrac imkanlarına və qiymətlərə təsir edib.

FAO-nun süd qiymətləri indeksi may ayından bəri 4,0 faiz artaraq dörd ay davamlı azalmadan sonra ilk dəfə artım göstərib. Son zamanlar qiymət artımının səbəbi Orta Şərq və Şərqi Asiya ölkələri tərəfindən idxal tələbatının bərpa edilməsi, həmçinin Avropada tələbatın mövsümi olaraq azalması və Okeaniya ərazisində sərbəst təklifin məhdud həcmdə olmasıdır.

FAO-nun taxıl qiymətləri indeksi may ayından etibarən 0,6 faiz azalıb. İyun ayında taxıl qiymətlərinin aşağı düşməsi şimal yarımkürəsində yeni məhsulun yığılması və Qara dəniz bölgəsi də daxil olmaqla bir sıra böyük ixracatçı ölkələrdə məhsuldarlığın artması ilə əlaqədardır.

FAO-nun ət qiymətləri indeksi may ayından etibarən 0,6 faiz aşağı düşərək orta hesabla 2019-cu ilin iyun ayı göstəricilərindən 6 faiz aşağı olub. Mal əti və quş əti qiymətlərinin kotirovkası əsas istehsal edən bölgələrdə ixrac təklifinin artması səbəbindən aşağı düşüb, donuz əti qiymətləri isə əsasən Avropada, COVID-19 ilə əlaqədar tətbiq olunan bazar məhdudiyyətlərinin daha da yumşadılması gözləntilərinin təsiri altında bir qədər artıb.

Dünyada rekord səviyyədə taxıl istehsalı ehtiyatların həcminin artmasına səbəb olacaq

Bu il dünya taxıl istehsalı yeni rekord səviyyəyə - 2790 milyon tona çatmalıdır ki, bu da may proqnozundan 9.3 milyon ton, 2019-cu ildəki rekorddan isə 3.0 faiz çoxdur. Bu haqda FAO tərəfindən dərc edilən taxıl təklifi və tələbatına dair icmalda deyilir.

Hindistan və Rusiya Federasiyası üçün buğda istehsalı üzrə proqnozlar artırılıb, bu isə Aİ və Böyük Britaniya üzrə proqnozlaşdırılan həcmlərin azalmasını artıqlaması ilə kompensasiya edir.