Çexiya və Azərbaycan enerji sahəsində əməkdaşlıq barədə saziş imzalayacaq


Digərləri 02 İyl 2020 23:06:00 202 0

Çexiya və Azərbaycan enerji sahəsində əməkdaşlıq barədə saziş imzalayacaq

Çexiya və Azərbaycan yaxın zamanlarda enerji sahəsində əməkdaşlıq barədə saziş imzalayacaq.

Son.az bildirir ki, bunu Trend-ə Çexiyanın sənaye və ticarət nazirinin Aİ ilə işlər və beynəlxalq ticarət üzrə müavini Martina Tauberova deyib.

O bildirib ki, ölkələr enerji sahəsində çox sıx əməkdaşlıq edir:

"Çexiyalı və azərbaycanlı ekspertlər Azərbaycan Energetika Nazirliyi ilə Çexiya Sənaye və Ticarət Nazirliyi arasında enerji əməkdaşlığı sahəsində sazişin hazırlanması üçün böyük səy göstəriblər".

Nazir müavini hesab edir ki, saziş enerji sahəsində ikitərəfli münasibətləri möhkəmləndirməyə və İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə komissiyanın platformasında ekspertlərin əlaqələrini dəstəkləməyə yönəlib:

"Sazişin imzalanması COVID-19 infeksiyasına görə təxirə salındı, amma biz ümid edirik ki, sənəd sərhədlər açılandan sonra qısa müddət ərzində imzalanacaq".

M.Tauberova əlavə edib ki, ölkələr arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat infrastrukturunun modernləşdirilməsi, avtomobil və dəmir yolları şəbəkəsinin rekonstruksiyası və intellektual texnologiyaların istifadəsi sahələrində əməkdaşlıq üçün istifadə olunmamış potensial var:

"Çexiya şirkətləri, həmçinin ətraf mühitin mühafizəsi üçün texnologiyaların, əczaçılıq, elektrik texnikası və bir çox digər sahələrdə tədarükçü rolunu oynaya bilər. Biz həm də hesab edirik ki, aviasiya və aviasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün perspektiv mövcuddur. Bizim nazirliyimiz Çexiyanın Azərbaycandakı səfirliyi və "CzechTrade Baku" ilə birgə yüngülmühərrikli təyyarələr istehsal edən və pilotları təlimatlandıran Çexiya şirkətlərinə dəstək üzrə layihə təşkil edib".