Qarantiya və akkreditiv arasındakı fərq


Digərləri 02 İyl 2020 22:05:00 219 0

Qarantiya və akkreditiv arasındakı fərq

Müasir şəraitdə biznes əməliyyatları dinamik olmaqla yanaşı, həm də özündə müxtəlif xarakterli riskləri daşıyır. Partnyorlar arasında bağlanan müqavilələr üzrə riskli məsələlərin həlli üçün bank qarantiyası (zəmanəti) və akkreditiv kimi maliyyə alətləri mövcuddur. Bank xidmətlərinin bu iki növünü ən çox istifadə olunan maliyyə məhsullarıdır.

Qarantiya (zəmanət)

Qarantiya risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank öz üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz üzərinə götürür.

Bank qarantiyasında üç tərəf iştirak edir: zamin (bank), prinsipial (borcalan) və benefisiar (kreditor)

Prinsipal - Benefisiarın qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bank qarantiyasının verilməsini sifariş edən müştəri; Benefisiar - Prinsipaldan bank tərəfindən verilən qarantiyanı tələb edən tərəf;

Bank qarantiyalarının əsas növləri:

• Tender qarantiyası - Podratçının işlərin/xidmətlərin sifarişçisi qarşısında tender şərtlərinə əməl etməsinə təminat verir.

• İcra qarantiyası - Podratçının sifarişçi qarşısında müqavilə üzrə malların çatdırılması/işlərin icrası barədə öhdəliklərini tam yerinə yetirilməsinə təminat verir.

• Avans ödənişin geri qaytarılması qarantiyası - Təchizatçı tərəfindən işlərin icrası, malların çatdırılması barədə öhədliklərini yerinə yetirilmədiyi halda avans ödənişin geri qaytarılmasına təminat verir.

• Maliyyə vəsaitlərinin saxlama qarantiyası - Bu qarantiya müqavilənin bitmə müddətinə kimi sifarişçi tərəfindən müqavilənin müəyyən hissəsi dəyərində olan vəsaitin əldə olunmasına imkan yaradır. Qarantiya podratçı tərəfindən görülmüş işlərin icrası ilə bağlı hər hansı uyğunsuzluq olduğu halda sifarişciyə qarantiya məbləğini ödənilməsinə təminat verir.

• Ödəmə qarantiyası - Çatdırılmış malların, görülən işlərin dəyərinin Alıcı tərəfindən Satıcıya ödənilməsinə təminat verir.

Azərbaycanda banklar tərəfindən verilən qarantiyalar üzrə faiz dərəcləri müştərilər və qarantiya məbləğindən aslı olaraq 1.5-5% arasında dəyişir.

Akkreditiv

Akkreditiv - malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Akkreditivlərin qarantiyadan əsas fərqi ondadır ki, bu halda bank müştəri və sifarişçi arasında "üçüncü şəxs" rolunu oynayaraq öz aktivləri ilə risk etmir, bir müştəridən digərinə pul köçürməsi ilə bank xidmətini həyata keçirir.

Son.az kriptoinvest.az-a istinadən bildirir ki, akkreditivin əsas mahiyyəti ondan ibarətdir ki, benefisiar pul vəsaitlərini yalnız müəyyən edilmiş şərtlərin icrasından sonra əldə edə bilər. Məsələn, məhsulun çatdırılması faktından sonra. Buna görə də, sözügedən bu maliyyə aləti tərəflərin bir-birinə etibar etməməsi zamanı istifadə edilir.

Akkreditiv üzrə standart müqavilədə 4 iştirakçı iştirak edir: a) akkreditiv açan ödəyici, b) vəsaitləri köçürən emitet bank, c) pulları qəbul edən icraçı bank, ç) benefisiar (ödənişlərin kimin xeyrinə olması).