Azərbaycan Prezidenti: Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyatlogistika mərkəzlərinin birinə çevrilmişdir


Siyasət 02 İyl 2020 20:21:00 151 0

Azərbaycan Prezidenti: Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyatlogistika mərkəzlərinin birinə çevrilmişdir

Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir.

Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmışdır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib.

Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görmüşdür. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir".

Son.az