"Yoluxdurmadan bir neçə gün sonra məlum olur ki..."


Digərləri 02 İyl 2020 17:51:00 169 0

"Yoluxdurmadan bir neçə gün sonra məlum olur ki..."

"Karantin tədbirləri yumşaldılandan sonra hamıya məlumdur və hamı bunu görürdü ki, mayın sonlarından başlayaraq davamlı olaraq artım müşahidə edilirdi. İyunun 21-ə qədər yoluxanların sayı da durmadan artırdı".

Bunu Son.az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

O bildirib ki, insanlar arasında baryerin yaradılması, yəni, insandan insana ötürülmə zəncirinin qırılması bu infeksiyanın nəzarətə götürülməsinin əsas yoludur:

"Hamıya məlumdur ki, bu infeksiya insandan insana birbaşa olaraq ötürülür. Yəni, tənəffüs yollarından xaric olan virus tərkibli damlacıqlar digər insanların tənəffüs yollarına düşür. Bunun digər yoluxma yolu isə təmasdır. Bizim cəmiyyətdə koronavirus bu iki yolla yoluxur. Ona görə də insanlar arasında o baryerin yaradılması, yəni, insandan insana ötürülmə zəncirinin qırılması bu infeksiyanın nəzarətə götürülməsinin əsas yoludur. Başqa alternativ yolu yoxdur. Bu məqamda da həmişə iki növ tədbir həyata keçirilir. Ya karantin tədbiridir ki, bu, insanların toplaşmasına, bir-biri ilə sıx təmasa gəlməsinin qarşısını müəyyən dərəcədə alır. Bu da baxır karantinin sərtliyinə. İkinci yol isə odur ki, insanlar öz aralarında müvəqqəti bir baryer yaradır - maskaların taxılması və 2 metrdən az olmamaq şərti, fiziki məsafənin təmin edilməsi ilə, o cümlədən əllərin gigiyenası ilə. Amma təəssüflə qeyd etmək lazımdır ki, karantinin yumşaldılmasının əsas məqsədi iqtisadiyyatın dirçəlməsi, insanların sosial rifahının yaxşılaşdırılması olsa da, buna baxmayaraq, insanlar bütün o təlimatlara riayət etmədi. Hamımız bu qaydaları müəyyən dərəcədə pozmağa başladıq və nəticə etibarilə, yoluxma sayında artım müşahidə etdik. İnsanlar anlamalıdır ki, karantin vaxtı bu yoluxma baş vermirdi. Çünki insanlar evdə oturmuşdular. Amma karantin yığışdırılan kimi yenə də yoluxma başladı. Ona görə də, hamı çox ciddi məsuliyyət dərk etməlidir".