Redmi K40 barəsində ilk məlumatlar verildi


Digərləri 02 İyl 2020 08:46:00 164 0

Redmi K40 barəsində ilk məlumatlar verildi

Redmi K30 smartfon modeli yarım il bundan öncə təqdim olunmuşdu. Bu ilin fevral ayında isə onun qlobal versiyası Poco X2 smartfonu təqdim olundu. İndi isə internetdə Redmi K30 modelinin davamçısı barədə məlumatlar ortaya çıxmağa başlayıb. Belə ki, Digital Chat Station ləqəbli məşhur çinli insayder Redmi K40-ın texniki özəllikləri barəsində məlumat verib. Bu barədə Gizmochina saytı xəbər verib.

İnsayderin verdiyi məlumata əsasən Redmi K40 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib LCD ekrana və 4500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bu göstəricilər üzrə yeni smartfon Redmi K30 ilə eyni olacaq. Bununla yanaşı insayder qeyd edib ki, Redmi K40 modeli Dimensity 1000+ prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, sözügedən prosessor MediaTek şirkətinin flaqman prosessorudur.

Müqayisə üçün Redmi K30 smartfonu modelindən asılı olaraq Snapdragon 730G və Snapdragon 765G prosessorları ilə təchiz olunur. İnsayderin verdiyi məlumatda həmçinin qeyd olunub ki, Redmi K40-ın ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilməyəcək. Bu isə o deməkdir ki, Redmi brendi K40 modelində hərəkətli ön kamera sistemini reallaşdıra bilər. Redmi K40 modelinin nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.