1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500dən yuxarıdır?


Digərləri 01 İyl 2020 13:45:00 351 0

1 həftədir karantin rejimi tətbiq olunsa da, niyə rəqəmlər 500dən yuxarıdır?

1 həftədən çoxdur ki, karantin rejimi tətbiq olunsa da, gündəlik yoluxma sayı azalmır. Dünənin statistikasına əsasən, Azərbaycanda daha 556 nəfərdə yeni növ koronavirus infeksiyası aşkarlanıb, Covid-19 testi müsbət çıxmış 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Bəs niyə 1 həftədir karantin rejimi tətbiq olunsa da, rəqəmlər 500-dən yuxarıdır?

Bunun müxtəlif səbəbləri var. Birinci səbəb virusun inkubasiya dövrü, ikincisi isə son günlər edilən testlərin sayının artırılması ilə bağlıdır. Beləki, nə qədər çox insan test edilsə, koronavirusa yoluxanların sayı da düz mütənasib olaraq çox olacaq. Məsələn, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ümumilikdə isə 482 170 test aparılıb.

Hər bir virus kimi, koronavirusun da inkubasiya dövrü var. Bu virus maksimum 14 gün ərzində simptomlarını göstərə bilər (Bəzi insanlar, ümumiyyətlə, koronoviusu simptomsuz keçirir). Belə ki, son günlərdə rəqəmlərin yüksək olmasının səbəbi karantin rejiminin yumşaldılması ilə bağlı qərardan sonra insanların məsuliyyətsiz şəkildə, sosial məsafə qorumadan, maskasız hərəkətinin nəticəsidir.

Həmçinin, onlarla insan var ki, onlar koronavirusu özlərinə "yaraşdırmadığına" görə evdə müalicə etməyə çalışırlar. Hətta, vəziyyəti ağır olsa belə test üçün müraciət etməyənlər də az deyil.

Xəstəliyin simptomlarının gec birüzə verməsini və cavabların 48 saat ərzində çıxmasını da nəzərə alsaq yuxarıdakı sualın cavabını tapa bilərik.

Bundan əlavə, karantin rejimi təkcə yoluxma sayının azaldılması üçün deyil, həmçinin xəstəxanalarda palata sayını nizamlamağa imkan verir.

"Bizim tətbiq etdiyimiz karantin nəticəsində yoluxma sabitləşib. Karantin bizim xəstəxanalarda palata sayımızı nizamlamağa imkan verir, xəstələrin yerləşdirilməsinə şərait yaradır. Karantin rejimi həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır", - Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva söyləyib.

Lakin son günlər cərimələnən şəxslərlə bağlı xəbərlərə diqqət yetirsək görərik ki, insanların karantin rejiminə riayət etməməsi, hələ də qonaqlıqlar, məclislər təşkil etməsi, yas mərasimlərində iştirakı, qrup halında şəhər gəzintisi də karantin günlərində də virusun yoluxma sayının artmasına təsir edəcək.

Qeyd edim ki, bir müddət əvvəl Azərbaycanda həyata keçirilən həftəsonları küçəyə çıxma qadağası gözlənilən nəticəni vermədiyindən iyul ayının 5-dək xüsusi karantin rejimi tətbiq edilib və ötəngünkü brifinqdə bu müddətin uzadılacağı bildirilib.

Bəxtiyar Umarlı Son.az