"Azərbaycan müxalifətinin ideya generasiyası, gücü artıq tükənib"


Siyasət 30 İyn 2020 17:48:00 241 0

"Azərbaycan müxalifətinin ideya generasiyası, gücü artıq tükənib"

"Azərbaycanda bəzi dairələrin, bəzi sosial şəbəkə fəallarının, radikal-müxalifət təmsilçilərinin də erməni mediasındakı tezislərlə sinxron qaydada eyni mövqedən çıxış etməsi onların eyni bir ideoloji mərkəzdən idarə olunduqları şübhələrini artırır"

"Azərbaycanın radikal müxalifət dairələrinin təmsilçilərinin artıq neçənci dəfə videokonfrans müzakirələrində özlərini çox pis tərəfdən göstərmələri faktdır və ölkədə radikal müxalifət düşərgəsinin iflasının dönüşü olmayan bir prosesə çevrildiyini qəti şəkildə sübut edir".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsi faktlarını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycanda əgər bu gün radikal müxalifət çevrələri, hətta müzakirə etməyə mövzu tapmadıqlarını açıq etiraf edirlərsə və buna görə də əsas vəzifənin hakimiyyəti şantaj etməkdən ibarət olduğunu açıq bildirirlərsə, bu artıq təkcə sözün yox, həm də mövcudluğun bitdiyi yerdir:

"Açıq şəkildə etiraf olunur ki, müzakirə etməyə bir mövzu yoxdur və bizim işimiz hakimiyyəti şərləməkdən ibarətdir. Normalda bütün dünya ölkələrində adətən müxalifətdəki dairələrin manevr imkanları, müzakirələri və ideoloji fəaliyyət imkanları hakimiyyətdən geniş olur. Lakin Azərbaycanda əgər bu gün radikal müxalifət çevrələri, hətta müzakirə etməyə mövzu tapmadıqlarını açıq etiraf edirlərsə və buna görə də əsas vəzifənin hakimiyyəti şantaj etməkdən ibarət olduğunu açıq bildirirlərsə, bu artıq təkcə sözün yox, həm də mövcudluğun bitdiyi yerdir. Yəni, bizdə belə bir söz var ki, "Sözün bitdiyi yer", amma bu artıq təkcə sözün yox, ümumiyyətlə bütün siyasi mövcudluğun bitdiyi bir yerdir. Eyni zamanda Azərbaycanda həyata keçirilən koronavirusa qarşı mübarizə tədbirlərilə bağlı işlərin eyni ilə erməni mediasında olduğu kimi qaralanması və erməni mediasındakı tezislərin radikal müxalifət çevrələri tərəfindən götürülərək təkrar edilməsi, işlədilməsi, bir-birinə ideya vermələri əlbəttə ki, ölkəmizdəki müxalifət çevrələrinin vətənpərvərlik hisslərindən və milli-mənəvi təəssübkeşlikdən tamamilə uzaq düşdüyünü göstərir".

Ekspert qeyd edib ki, Azərbaycanda bəzi dairələrin erməni mediasındakı tezislərlə sinxron qaydada eyni mövqedən çıxış etməsi onların eyni bir ideoloji mərkəzdən idarə olunduqları barədə şübhələri daha da artırır:

"Nə qədər acınacaqlıdır ki, Erməni mediasının Azərbaycanda həyata keçirilən işlərə və Azərbaycan Prezidentinin çıxışına hansı reaksiya verməsilə eyni formada Azərbaycandakı radikalların da reaksiya göstərməsi çox düşündürücüdür və təəccüblüdür. Burada maraqlı olan cəhət ondan ibarətdir ki, erməni mediasının yanaşmaları, Azərbaycandakı prosesləri qaralamağa çalışmaları sırf Paşinyanın siyasi marağından xəbər verir. Çünki əgər Azərbaycanda belə ağır vəziyyətdə əhaliyə böyük sosial dəstək tədbirləri həyata keçirilirsə, Paşinyançı medianın bu tədbirləri qaralamaqdan başqa çarəsi yoxdur. Çünki əks halda erməni cəmiyyəti də Paşinyandan bunu tələb edəcək və Paşinyan da bunu yerinə yetirə bilməyəcək. Ancaq Azərbaycanda bəzi dairələrin, bəzi sosial şəbəkə fəallarının, radikal-müxalifət təmsilçilərinin də erməni mediasındakı tezislərlə sinxron qaydada eyni mövqedən çıxış etməsi artıq düşündürücü bir faktdır və bu, bir tərəfdən onların eyni bir ideoloji mərkəzdən idarə olunduqları barədə şübhələri daha da artırır. Eyni zamanda bir daha sübut edir ki, Azərbaycan müxalifətinin ideya generasiyası, gücü artıq tükənib".

Təhməz Təkin Son.az