Mütəxəssis: Azərbaycanda artıq yüngül vəziyyətdə olan xəstələrin evdə müalicəsi zəruridir


Digərləri 30 İyn 2020 17:06:00 248 0

Mütəxəssis: Azərbaycanda artıq yüngül vəziyyətdə olan xəstələrin evdə müalicəsi zəruridir

Azərbaycanda COVİD-19-a yoluxmuş xəstələrin sayı artacağı təqdirdə səhiyyə sisteminin yüklənəcəyi barədə əvvəlcədən insanlara dəfələrlə xəbərdarlıqlar edilmişdi. Ona görə də insanlar səhiyyə sistemində yaranan duruma hazır olmalı idilər.

Son.az bildirir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirusla mübarizəyə istiqamətləndirməyi bacardı. Bu məqsədlə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün müasir laboratoriyalar alındı, qorucu vasitələrin istehsalı təşkil edildi, xəstəxanalar ayrıldı, yeni modul tipli xəstəxanalar tikdi.

Həmin xəstəxanaların hesabına COVİD-19 xəstələri üçün ayrılan çarpayı fondunun artdığını deyən Y.Abdiyeva bildirib ki, koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb olur:

"Hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malikdir. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olunan ölkələrdə hətta ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer çatışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdular".

Azərbaycan dövlətinin pandemiyanın başlanıldığı ilk vaxtdan xəstəliklə mübarizə üçün səylərini əsirgəmədiyini deyən mütəxəssis bildirib ki, ölkəmizdə COVİD-19 xəstələrinin sayı getdikcə artır. Artıq son günlər ərzində bir sutkada qeydə alınan yeni yoluxma halları 500-ü ötüb.

Xəstə sayının getdikcə artması xəstəxanaların doluluq səviyyəsinin də yüksəlməsinə səbəb olub. Bütün bu hallar bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq asimptomatik, yüngül vəziyyətdə olan xəstələrin evdə müalicə olunmasını zəruri edir.

Evdə COVİD-19 xəstələrinin müalicəsi məqsədi ilə artıq TƏBİB tərəfindən metodiki göstərişin də hazırlandığını xatırladan Y.Abdiyeva bildirib ki, hazırda yalnız ağır vəziyyətdə olan şəxslər xəstəxanalara yerləşdirilir. Ağır vəziyyətdə olan xəstələrin həyatını xilas etmək üçün asimptomatik, yüngül və orta səviyyədə olan xəstələr həkim nəzarəti altında evdə müalicə olunmalıdırlar:

"Dünya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. Ev karantini şəraitində olan asomptomatik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasına nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxlanılır, testlər götürülür".

Son.az