Ekspert: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır”


İqtisadiyyat 30 İyn 2020 16:09:32 299 0

Ekspert: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır”

​Emin Axundzadə: “SOCAR xaricdəki investisiyalarla ölkə iqtisadiyyatına əlavə dəyər yaradır”

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üçün maliyyə göstəricilərini müsbət qiymətləndirmək olar”.

Bunu "Report"a SOCAR-ın 2019-cu il üçün maliyyə hesabatını şərh edərkən enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə bildirib.

Onun sözlərinə görə, ötən il dünya bazarlarında neft qiymətlərinin 10% aşağı düşməsinə, təbii qaz qiymətlərinin kəskin ucuzlaşmasına və neft-kimya sektorunda gəlir marjalarının əvvəlki illərlə müqayisədə azalmasına baxmayaraq, SOCAR 2019-cu ildə əməliyyat effektivliyini artıraraq, ümumi mənfəətini 62 milyon manat artırmağa nail olub.

Ekspert bildirib ki, xalis mənfəətin əvvəlki ilə nisbətən az olması isə şərti hesab edilə bilər: “Çünki ötən il “SOCAR Karbamid” və Yüksək Sıxlıqlı Polietilen kimi zavodlar istismara verildi. Beləliklə, bu müəssisələrin inşasına ayrılan vəsaitlərin amortizasiyasının hesablanması, statistik olaraq əsasən 2019-cu ilə təsadüf edib. Yəni, bu xərclər ötən il yox, 4-5 il ərzində yığılan xərclərdir.

Bununla yanaşı, ötən il dövlət tərəfindən SOCAR-ın nizamnamə kapitalının artırılması üçün ayrılan vəsait təqribən 3 dəfə azalıb. Beləliklə, bu iki faktor, şirkətin xalis mənfəətinin şərti olaraq azalmasına təsir göstərib. Həqiqətdə isə, SOCAR-ın ümumi mənfəəti ötən il 1,1% artıb”.

E. Axundzadə bildirib ki, bununla yanaşı, SOCAR-ın uzunmüddətli aktivləri və nağd pul vəsaitləri ötən il də artım tendenisyasını davam etdirib: “Belə ki, uzun müddətli aktivlər 7,94% artaraq 42,8 milyard manatdan 46,2 milyard manata çatıb. Son 10 illik perioda nəzər yetirdiyimizdə isə uzun müddətli aktivlərinin hər il artdığını müşahidə edə bilərik. Bu dövr ərzində uzun müddətli aktivlər 4 dəfədən çox artıb.

Emin Axundzadə

Burada əsas göstəricilərdən biri odur ki, uzunmüddətli aktivlərlə uzunmüddətli öhdəliklər arasındakı fərq hər il artır. Təkcə ötən il uzun müddətli aktivlərlə öhdəliklər arasındakı fərq 400 milyon manat artıb. Əgər 10 il bundan əvvəl bu fərq 7,3 milyard manat təşkil edirdisə, bu göstərici 2019-cu ildə 22,4 milyard manata yüksəlib. Başqa sözlə, uzun müddətli aktivlərlə uzun müddətli öhdəliklər arasındakı fərq bu illər ərzində 3 dəfədən çox artıb”.

O qeyd edib ki, şirkətin nağd pul vəsaitləri isə ötən il təqribən 7%, başqa sözlə, 444 milyon manat artıb: “Son 10 ildə isə bu göstərici 9 dəfədən çox artıb. Bütün bunlar ona dəlalət edir ki, SOCAR-ın maliyyə dayanıqlılığı ildən ilə güclənir. SOCAR-ın gəlirlərindəki ən böyük artım isə təbii qazın payına düşüb. Bu da “Şahdəniz” və “Ümid” yataqlarında təbii qaz hasilatının artması hesabına baş verib. Burada xüsusi olaraq qeyd etməliyəm ki, ötən il “Ümid” yatağında SOCAR-ın ən yüksək debitli quyusunun (6810 m) qazılıb istismara verilməsi, SOCAR-ın təbii qaz gəlirləri artmasına təkan verib.

Bu tendensiyanın növbəti illərdə də artan xətt üzrə davam edəcəyini proqnozlaşdıra bilərik. Belə ki, cari ilin may ayında “Ümid-1” platformasında yeni quyu qazılmağa başlanıb. Quyu istismara verildikdən sonra yataqda qaz hasilatının təqribən 45-50% artacağı gözlənilir. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil edilən təbii qazın həcminin cari ildə 13% artacağı planlaşdırılır. Başqa sözlə, növbəti illərdə də təbii qaz ixracından əldə edilən gəlirlər həm ölkə üzrə, həm də SOCAR üzrə artmağa davam edəcək”.

Ekspert vurğulayıb ki, maliyyə hesabatında diqqət çəkən məqamlardan biri də odur ki, ötən il SOCAR-ın Türkiyədəki gəlirləri təqribən 89% artıb. Onun sözlərinə görə, yəni, Türkiyəyə yatırılan investisiyalar artıq öz bəhrəsini verməyə başlayıb: “Burada həm STAR neft emalı zavodunun (NEZ) istismara veriləndən qısa zaman sonra, yəni 2019-cu ilin sentyabr ayında tam emal gücünə çatması, STAR NEZ, “Petkim” və “SOCAR Terminal” müəssisələri arasında qurulan şaquli inteqrasiya və bunun nəticəsində yaradılan güclü sinerji şirkətin əməliyyat xərclərinin azalmasına və gəlirlərinin optimallaşmasına təsir göstərib.

Qeyd edim ki, STAR NEZ istismara verilmədən əvvəl, “Petkim” əsas xammal ehtiyacı olan naftanı xarici ölkələrdən idxal edirdi. Bu, “Petkim” üçün həm əlavə nəqliyyat xərci, həm də nəqliyyat riski yaradırdı. Bəzən nəqliyyatın gecikməsi səbəbilə istehsalat prosesində gecikmələr meydana gələ bilirdi. Ancaq hazırda “Petkim” iki müəssisə arasında inşa edilən boru kəməri vasitəsilə daha keyfiyyətli naftanı rahat bir şəkildə təmin edə bilir. Bu da öz növbəsində istehsal xərclərinin azalmasına və “Petkim”in rəqabət qabiliyyətinin, nəticədə bazar payının artmasına təsir göstərib”.

E. Axundzadə bildirib ki, bununla yanaşı 2018-ci ildə başladılan rəqəmsal transformasiya sayəsində “Petkim” öz əməliyyat effektivliyini ciddi şəkildə artırmağa nail olub: “Beləliklə, həm STAR NEZ ilə yaradılan sinerji, həm də rəqəmsallaşma proseslərinin sürətləndirilməsi nəticəsində ötən il “Petkim”in istehsal həcmi əvvəlki illə müqayisədə 24% artıraraq 3,4 milyon tona yüksəlib.

Bununla yanaşı, TANAP boru kəməri vasitəsilə nəql edilən təbii qazın miqdarının ötən il ərzində təqribən 2 dəfə artması və SOCAR-ın Türkiyədə pərakəndə təbii qaz bazarına daxil olması şirkətin Türkiyədəki gəlirlərinin artmasına təkan verib. Ümumilikdə isə, SOCAR öz gəlirlərinin 92,7%-ni xarici bazarlardan əldə edib. Yəni, SOCAR qlobal şirkət olaraq xaricə yatırdığı investisiyalarla həm öz aktivlərini böyüdür, həm də ölkə iqtisadiyyatına əlavə dəyər yaradır”.