Baş Prokurorluq Tovuzda ötən il baş verən qətllə bağlı məlumat yayıb


Kriminal 30 İyn 2020 11:47:00 209 0

Baş Prokurorluq Tovuzda ötən il baş verən qətllə bağlı məlumat yayıb

13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, istintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi "Makarov" konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq eksperizalar təyin edilmiş, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

29 iyun 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.