Azərbaycanlı baş redaktor: "Qazaxıstanda ermənilərin səsini boğa bilirik" - MÜSAHİBƏ


Siyasət 29 İyn 2020 16:33:31 212 0

Azərbaycanlı baş redaktor: "Qazaxıstanda ermənilərin səsini boğa bilirik" - MÜSAHİBƏ

Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Axısqa” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, azərbaycanlı&Rövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.&

Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Axısqa” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, azərbaycanlıRövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.

"Report" R.İsmayılovlamüsahibəni təqdim edir.

- Uzun illərdir Qazaxıstanda yaşayırsınız. Necə oldu ki, yolunuz Qazaxıstandan düşdü?

- Gürcüstanda doğulub, orda boya-başa çatsam da, ali təhsilimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində almışam. SSRİ dağıldıqdan sonra 1992-ci ildə qurulan Azərbaycan Demokratik Ziyalılar İttifaqının Gənclər şöbəsinin müdiri kimi ictimai fəaliyyətə başlamışam. İttifaqın təsis etdiyi “Axtarış” qəzetinin baş redaktoru olmuşam. Hüquq fakültəsini bitirdikdən sonra hüquqşünas kimi fəaliyyətə başlasam da, yaradıcılıq, jurnalistika sahəsi məni daha çox cəlb edirdi. 1996-cı ildən 2003-cü ilə qədər Qarabağ Veteranlar Birliyinin təsis etdiyi “Veteran” qəzetinin baş redaktoru olmuşam. “Dünya Axısqa Türkləri Birliyi”nin rəhbəri Ziyaetdin İsmihanoğlu Kassanovun dəvəti ilə Qazaxıstana köçdüm. 2004-cü ildə “Axısqa” qəzetində müxbir kimi fəaliyyətə başladım, 2006-cı ildən bu günə qədər bu qəzetin, eyni zamanda 5 il əvvəl təsis olunan “Türk Birliyi” jurnalının baş redaktoruyam. “Ata yurddan doğan günəş”, “İnsanlar və talelər”, “Əfsanəvi ömür”, “Sürgün”, “Vətənə doğru” kitablarının müəllifiyəm. Hazırda “15 Temmuz dastanı –Rəcəp Tayyib Ərdoğan” kitabının üzərində işləyirəm.

- Orta AsiyadaAzərbaycanın milli - mədəni irsini təbliğ edirsiniz. Fəaliyyətinizi əsasən hansı istiqamətdə qurmusunuz?

- Mən gənclik illərimdən ictimai fəaliyyətlə məşğul oluram. Harada yaşamağımızdan asılı olmayaraq heç vaxt “Vətən bizim üçün nə edib?” deməməliyik, əksinə özümüzə daim belə bir sual verməliyik. “Biz vətən üçün nə etmişik?”. Biz-vətən oğulları vətənin adını daim zirvələrə yüksəltməliyik. 15 ildir qürbət eldə vətənin adını yüksəltmək üçün əlimdən gələni edirəm. Belə ki, 2005-ci ildə Güney Qazaxıstan vilayətində 100-dən artıq aşığın iştirakı ilə Aşıq Ələsgərin 185 illik yubileyini təşkil etmişik. Qəzetimizin hər yeni nömrəsində Azərbaycan üçün əhəmiyyət kəsb edən məsələlər işıqlandırılır.20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı, müdrik liderimiz, ulu öndərimiz Heydər Əliyevin həyatı və fəaliyyətiilə bağlı geniş məqalələr, oçerklər çap olunur. Təşkil etdiyimiz tədbirlərdə, ədəbi gecələrdə başda qazax yazıçısı, alimi və ictimai xadimi Oljas Süleymenov olmaqla, qazax və azərbaycanlı ziyalıların iştirakını təmin etməyə çalışırıq. Hələ sağlığında Zəlimxan Yaqubla çox yaxşı münasibətimiz var idi. Onun “Sürgün” poeması Qazaxıstana sürgün edilmiş azərbaycanlıların taleyindən bəhs edir. 2010-cu ildə 10-15 nəfərlik heyət ilə Zəlimxan Yaqubun Bakıda keçirilən 60 illik yubileyində iştirak etməklə kifayətlənmədik, onun kitablarını nəşr etdirib qazax oxucularına təqdim etdik. Ötən ilin may ayında Qazaxıstanın Almatı şəhərində Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirdik. Bir həftə davam edən tədbir zamanı soydaşlarımızın Azərbaycandan gələn aşıqların ifalarına qulaq asmaq fürsətləri oldu. Təkcə Zəlimxan Yaqubun deyil, eyni zamanda Azərbaycanın görkəmli şairi Səməd Vurğunun kitablarını həm Azərbaycan, həm rus dilində nəşr etdirib oxuculara təqdim etmişik. 5 nəfərlik qrupla Azərbaycana, Qazaxa yollanıb, bu kitabları Səməd Vurğunun ev muzeyinə bağışlamışıq. 2018-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V Beynəlxalq “Axısqa qızları” qabiliyyət müsabiqəsini təşkil etdik. Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev başda olmaqla, deputatların iştirakı ilə keçirilən müsabiqəni Azərbaycan mediası da geniş işıqladırdı.

- Bu yaxınlarda Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi sizi mükafatlandırıb. Bildiyim qədəri ilə bu sizin ilk mükafatınız deyil. Ümumiyyətlə, əməyiniz necə qiymətləndirilir?

- Bu illər ərzində dəfələrlə Qazaxıstanın dövlət mükafatlarına layiq görülmüşük, əməyimiz həmişə ən yüksək səviyyədə qiymətləndirilib. Baş redaktoru olduğum “Axısqa” qəzeti 2007-də “ən yaxşı qəzet” milli mükafatına layiq görülüb. Deyə bilərəm ki, Qazaxıstan Xalqları Assambleyasının ən fəal qəzetlərindəndir. Hətta prezident mükafatına layiq görülmüşük. Qazaxıstan Xalqları Assambleyasının “qızıl medal”ı ilə təltif olunmuşuq. 2016-cı ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY bizi “Türk dünyasına xidmət” mükafatına layiq görüb.

İnformasiyanın bol olduğu dövrdə yaşayırıq. Əsas məqsədimiz informasiyadan düzgün istifadə etmək olmalıdır. Biz iki dövlət arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsi, xalqların maariflənməsi, o cümlədən Azərbaycan mədəniyyətinin təbliği üçün əlimizdən gələni edirik. Bu qəzet əslində bir qurumun qəzeti olsa da, bütünlükdə türk dünyasına – qaqauzlara, türkmənlərə, tatarlara, uyğurlara, qazaxlara və digər türk xalqlarına xidmət edir. Bu xalqların tarixini, mədəniyyətini, adət- ənənələrini qəzetimizdə işıqlandırmağa çalışırıq. “Axısqa” qəzeti Qazaxıstandakı 33 milli qəzet arasında yeganə qəzetdir ki, bütün xalqlar bu qəzeti özününkü hesab edir. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi Qazaxıstan Xalqları Assambleyasında da qəzetimiz hörmətlə qarşılanır. Layiq görüldüyümüz mükafatlar qəzetimizin nüfuzunun göstəricisidir. Deməliyəm ki, Qazaxıstan İnformasiya və İctimai İnkişaf Nazirliyi tərəfindən layiq görüldüyüm mükafat məni xüsusi ilə qürurlandırdı. Çünki bu mükafat ilk dəfə idi təqdim olunurdu. Bu, təkcə mənim yox, həm də Azərbaycan uğurudur. Azərbaycan həqiqətlərini Orta Asiyada, Orta Asiyanın “brilyant”ı sayılan Qazaxıstanda yayırıq, türk xalqları arasında körpü qurmağa çalışırıq.

- Qazaxıstanda çoxlu azərbaycanlı yaşayır. Bəs Qazaxıstandakı Azərbaycan diasporu, xüsusi ilə də azərbaycanlı gənclərinin fəallığı qənaətbəxşdirmi?

- Gənclərimizin fəallığının daha da artırılmasına ehtiyac var. Azərbaycan diasporunun fəaliyyətini daha da gücləndirmək lazımdır. Gənclərimiz vətəndən, ana dilindən uzaq düşüblər. Təhsillərini qazax, rus, ingilis dillərində alırlar. “Atayurd-Nomad” cəmiyyətini təşkil etdikdən sonra bir sıra layihələr həyata keçirmək qərarına gəldik. Azərbaycan dili kurslarının açılması, Azərbaycan tarixi və ədəbiyyatı dərslərinin keçirilməsi, Azərbaycan musiqisinin inkişafı məqsədi ilə saz və vokal sinfinin açılmasını planlaşdırırdıq. Təəssüf ki, dünyada tüğyan edən COVID-19 pandemiyası səbəbindən bu istiqamətdəki işlərimizi müvəqqəti olaraq təxirə salmalı olduq. Amma yaxın gələcəkdə planlarımızı həyata keçirmək niyyətindəyik.

Qazaxıstanda yaşayan azərbaycanlıların böyük əksəriyyəti Stalin dövründə sürgün edilənlərdir. Onlar əsasən Cambul və Güney Qazaxıstan vilayətində məskunlaşıblar. Qazaxıstanda Azərbaycandilli qəzetin və jurnalların təsis olunması zəruridir. Çünki qəzet xalqın səsi, hər bir evin arzuolunan qonağıdır. Ümid edirəm ki, bu layihələrin reallaşmasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bizə kömək edəcək. Çünki, onlar təkcə Qazaxıstanda yox, dünyadakı azərbaycanlılara dəstək olurlar. Qışda Diasporla İş üzrə Dövlət Komitəsindən Anar Rəsulovun rəhbərliyi ilə nümayəndə heyəti Qazaxıstanda səfərdə oldu, burda yaşayan azərbaycanlılarla görüşdü, onların problemləri ilə tanış oldu. Bu təqdirəlayiq addım idi. Biz Azərbaycana növbəti səfərimizdə Dövlət Komitəsinin rəsmiləri ilə görüşüb, Azərbaycan dili kurslarının təşkili, Qazaxıstanda yaşayan azərbaycanlıların Azərbaycanda təhsil alması məsələsini müzakirə etmək istəyirik.

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycandan Qazaxıstana səfər edən ziyalılar, şair və yazıçılar, incəsənət xadimləri paytaxt Nursultanı ziyarət etməklə kifayətlənməməlidirlər. Almatıda, Cambulda yaşayan azərbaycanlılarla mütləq görüşlər təşkil olunmalıdır. Eləcə də, qazax nümayəndə heyətinin Azərbaycana səfərlərini təşkil etməliyik.

Hər bir azərbaycanlının qəlbi vətən eşqi ilə, hər bir türkün ürəyi el-oba sevgisi ilə döyünməlidir. Yenə təkrar edirəm, “Vətən sənin üçün nə edib?” soruşmaq yox, “Sən Vətən üçün nə etmisən?” soruşmaq lazımdır. Hər şeyi dövlətdən gözləmək doğru olmaz.

Qazaxıstanda biz ermənilərin səsini boğa bilirik, amma dünyada onların informasiya təbliğatı güclüdür. Bunun qarşısını almalıyıq.

- Qürbətdə yaşamaq çətin deyil ki?

- Biz ildə iki dəfə Bakıya səfər edirik. Vətənimizin çiçəkləndiyini görüb, sevinc, qürur hissi keçiririk, qazax dostlarımızla da bu barədə həmişə söhbətlər edir, Azərbaycanın inkişafını qəzetimizdə işıqlandırmağa çalışırıq. Bakıya hər səfərimizdə ilk olaraq ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirik. Çalışırıq ki, iki dövlət arasında əlaqələrin möhkəmlənməsində bizim də rolumuz olsun. Qazaxıstanda gənclər, idmançılar, ağsaqqal, xanımlar, bir sözlə, hamıAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya böyük hörmətlə yanaşır.Soydaşlarımız Prezidentİlham Əliyevin siyasətini dəstəkləyirlər. Ümumiyyətlə, mən hesab edirəm ki, nə qədər ki, insanın qəlbi vətən eşqi ilə döyünür, onun qəriblikdə yaşaması çətin olmamalıdır. Ona görə də içimizdəki Vətən sevgisini, bayraq sevgisini mütləq oyatmalıyıq. Biz digər türk xalqları ilə dostluq, qardaşlıq münasibətlərimizi gücləndirməliyik. Soy kökümüz eynidir. Bir ağacın budaqlarıyıq. Vətənimizin çiçəklənməsi, türk dünyasının çiçəklənməsi üçün əlimizdən gələni etməliyik. Edirik də. Bu yolda bizə maddi və mənəvi dəstək olan, hər cür imkan yaradan “Dünya Axısqa Türkləri Birliyi”nin rəhbəri Ziyaetdin İsmihanoğluna minnətdarıq. O, Axısqa türkü olsa da, ən azı bizim qədər Azərbaycanı sevir, Azərbaycan həqiqətlərini dünyaya car çəkməyə çalışır.