Çarpayı fondunda yer azalıb, vəziyyət kritikdir


Digərləri 28 İyn 2020 10:53:00 191 0

Çarpayı fondunda yer azalıb, vəziyyət kritikdir

Son vaxtlar dad, iy bilməmək, istiqaməti təyin edə bilməmək, müxtəlif nevroloji əlamətlər COVID-19-un əlamətləri sırasına daxil edilib. Bunlar çox xəstədə qeydə alınmır. Belə simptomları olanlar mütləq həkimə müraciət etməlidirlər. Həkim həmin şəxslərin evdə və ya xəstəxana şəraitində müalicə olunmasına dair qərar verməlidir. Xəstə heç vaxt özbaşına müalicə qəbul etməməlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

"Heç bir klinik əlamət qeydə alınmayan, lakin test cavabı müsbət çıxanlar digərləri üçün çox təhlükəlidir. Onlar təcrid olunmalıdırlar. Həmin şəxslər həm ev, həm də xəstəxana şəraitində təcrid oluna bilərlər. Hazırkı dövrdə onların evdə təcrid olunması məsləhət görülür. Çünki çarpayı fondunda yer azalıb. Həmin şəxslər yalnız həkim icazə verəndən sonra evdən çıxa bilərlər. Yeddi gündən sonra onlardan analiz götürülür. Sonra təkrar test aparılır. Cavablar mənfi olarsa, xəstəxanada olanlar yalnız 14 gündən sonra evə yazıla bilərlər. Ümumilikdə isə test cavabları iki dəfə mənfi olandan sonra onlar ətrafdakılar üçün təhlükə törətmirlər və normal həyatlarına qayıda bilərlər", - deyə baş infeksionist bildirib.

Cəlal İsayev qeyd edib ki, ev şəraitində müalicə aparılması ilə bağlı protokol işlənib hazırlanıb. Belə ki, bu zamanı xəstənin orqanizminin immun sistemini gücləndirən müxtəlif preparatlar təklif olunur. Həmin xəstələr sahə həkimlərinin müşahidəsi altında olurlar. Əgər hər hansı bir xəstədə ağırlaşma və ya fəsad ortaya çıxarsa, o, mütləq xəstəxanaya aparılır. Ev şəraitində müalicə alanlar daim müşahidə altında saxlanılmalıdırlar. Burada xəstənin özü də maraqlı olmalı, səhhətindəki dəyişiklikləri müntəzəm olaraq həkiminə xəbər verməlidir. Ola bilsin ki, heç bir dəyişiklik baş verməsin. Çünki yoluxanların 70 faizində xəstəlik heç bir əlamət büruzə vermədən keçir. Həmin şəxslər ətrafdakılar üçün təhlükəli olurlar. Belə ki, onlarda heç bir simptom olmur, gündəlik fəaliyyətlərini davam etdirirlər və xəstəliyi daha çox yayırlar.

Baş infeksionistin sözlərinə görə, koronavirusa yoluxan insanlar sağaldıqdan sonra adətən onların ağciyərləri tam bərpa olunur: "Bəzi xəstələrdə, yəni, xəstəliyin ağır gedişi olanlarda ola bilər ki, ağciyərlərdə fibroz sahələr yaransın. Bu da müəyyən tənəffüs hərəkətlərinin çətinliyinə səbəb ola bilər. Onlarda da sonradan bədən tərbiyəsi və müəyyən terapevtik müalicə aparılır. Bir qismində ağciyərlər bərpa olunur. Lakin bəzilərində bərpa prosesi baş verməyə, daim tənəffüs hərəkətlərinin çətinliyi, tənəffüs çatışmazlığı müşahidə oluna bilər".

O bildirib ki, insan orqanizmində hər bir infeksiyaya qarşı antitellər, anticisimciklər yaranır və çoxlarında immunitet formalaşır. COVID-19-a yoluxanlarda antitellərin inkişafına dair müxtəlif rəqəmlər var. Hələ dəqiq məlumat bəlli deyil. Ola bilər ki, spesifik antitelləri təyin edəcək reaktivlər yoxdur. Bununla yanaşı, həmin antitellər digər COVID qrup virusları ilə çox yaxın olub çarpaz reaksiya verə bilər. Ona görə bu məsələ çox mübahisəlidir.