COVID19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinin hansı formada aparılacağı açıqlanıb


Digərləri 27 İyn 2020 13:21:00 213 0

COVID19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinin hansı formada aparılacağı açıqlanıb

TƏBİB "COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair metodiki göstərişlər"i açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi qərarı ilə hospitalizasiyaya ehtiyacı olmayan və ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktorları (hipertoniya, diabet, xroniki ağciyər xəstəliyi, xroniki ürək xəstəliyi, xroniki böyrək çatışmazlığı və ya immun çatışmazlıq və s.) olmayan təsdiqlənmiş COVID-19 xəstələr müvafiq müalicə müddətində ev şəraitində izlənilə bilər.

Xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır. Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir.

Xəstələrə və onların yaxınlarına tənəffüs gigiyenası mövzusunda xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən təlim keçirilməlidir [(öskürən və ya asqıran zaman ağızlarını əl dəsmalı ilə bağlamalı (kağız dəsmallarına üstünlük verilir), istifadə olunan kağız dəsmallar neylon torbaya qoyulmalı və torbanın ağızını bağlayıb ikinci bir neylon torbaya atmalıdırlar, əllərini tez-tez yumalıdırlar).

Xəstə yaxınlarına xüsusi təyin edilmiş tibb işçiləri tərəfindən xəstəliyin profilaktikasına dair təlim keçirilir; Evə gələn tibb işçiləri fərdi qoruyucu vasitələri tam geyinir. Evdə nəzarət ediləcək xəstəyə müşahidə müddətində özünütəcrid qaydaları və bu qaydaların pozulmasının hüquqi məsuliyyəti izah edilir, müvafiq razılıq forması imzalanır.

Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır.

Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti "COVID-19 xəstənin evdə monitorinq forması"na əsasən öyrənilərək qiymətləndirilir. Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir.

Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün monitorinqi evdə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı 1 metr məsafəni saxlamaqla və tibbi maska taxmaqla qalır. Maska nəm olduqda yenisi ilə əvəz olunur.

Xəstənin ev daxilində hərəkəti mümkün qədər məhdudlaşdırılır. Xəstə insana qulluq üçün ailə üzvlərindən biri seçilir. Xəstə insana qulluq edən şəxs fərdi qoruyucu vasitələrdən istifadə edir.

Şərait olduğu təqdirdə, xəstə ayrı tualet və hamam otağından istifadə edir. Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqlar tez-tez havalandırılmalıdır. Hamam otağını və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır.