"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir"


Siyasət 27 İyn 2020 12:29:00 224 0

"Dünya səviyyəsində müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir"

Biz həmçinin ölkə olaraq cari enerji istehsalı gücümüzü artırmağı da hədəfləyirik

"Bildiyiniz kimi 2018-ci ilin iyulun 3-də 330 KV-luq stansiyadakı cərəyan tranformatorunda baş verən qəza demək olar ki, ölkənin yarıdan çoxunda enerji sisteminin çökməyinə səbəb oldu. Bundan sonra Prezident İlham Əliyevin göstərişi ilə elektrik stansiyasında yenidənqurma layihəsi başladıldı və 2020-ci ilin iyunun 25-də cənab Prezidentin iştirakı ilə "Azərbaycan" İstilik Elektrik Stansiyasının 330 və 500 KV-lıq yarımstansiya, 8 enerji bloku, idarəetmə dispetçer mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verildi".

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli Prezident İlham Əliyev "Azərbaycan" İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirakını şərh edərkən deyib.

O bildirib ki, enerji təhlükəsizliyi dünya səviyyəsində müzakirə olunan iki əsas mövzudan biridir:

- Aydındır ki, hər bir ölkənin energetika sistemi onun iqtisadiyyatında çox mühim rol oynayır. Danılmaz faktdır ki, elektrik enerjisinin təminatı ilə bağlı məsələlər olduqca mürəkkəbdir. Enerjinin istehsalı, istehlakı, nəqli, satışı və s. kimi bu məsələlər digər sahələrdən olduqca fərqlidir. Dünya səviyyəsində belə müzakirə olunan iki əsas mövzu varsa, biri enerji təhlükəsizliyidir, digəri isə qida təhlükəsizliyidir.

- Bəs yaxşı, niyə ölkələr bu qədər enerji təminatına və təhlükəsizliyinə diqqət yetirir?

- Çünki sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resuruslarının təminatından asılıdır. Həm normal şəraitdə, həm fövqəladə hallar durumunda ölkə və region əhalisinin, vətəndaşların, eləcə də dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji ilə təminatı enerji strategiyasının tərkib hissəsi kimi realizə olunur. Azərbaycan elektrik enerjisi ixracatçısıdır və bu durumda yenidən qurulan İstilik Elektrik Stansiyasının, eləcə də tikilməkdə olan digər rayonlardakı elektrik istehsalı müəssisələrinin gücü, müasir avadanlıqlarla təchiz olunması həm yerli istehlakın, həm də ixrac potensialının gücləndirilməsinə şərait yaradır. Biz həmçinin ölkə olaraq cari enerji istehsalı gücümüzü artırmağı da hədəfləyirik. 

- O zaman nələrə diqqət etməliyik, hansı addımlar atılmalıdır, qarşımızda nələr durur?

- İlkin olaraq enerji subsidiyalarının idarə olunma mexanizmasını düzgün qiymətləndirməliyik. Belə ki, statistik rəqəmlərə nəzər salsaq 2014-cü ildən etibarən enerjiyə ayrılan subsidiyaların ümumi məbləği ortalama olaraq iki dəfəyə yaxın artırılıb. Lakin son dönəmlər "yaşıl iqtisadiyyat" sisteminin qurulmasında önəm kəsb edən, bərpa olunan enerji mənbələrinə ayrılan investisiyaların həcmi bu ümumi subsidiyaların içərisində olduqca azdır. Nəzərə alsaq ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üçün yetəri qədər resurs mövcuddur və aparılan araşdırmalara diqqət yetirsək, Azərbaycanda illik 5 min meqavatadək günəş enerjisi, 4 min 500 meqavatadək külək enerjisi, 800 meqavata qədər geotermal yeraltı istilik enerjisi istehsalı potensialı mövcuddur. Bəs bu resurslarımız olduğu təqdirdə biz niyə bundan istifadə etmirik?! İkinci olaraq, enerji istehsalı üzrə strateji çərçivə müəyyənləşdirilməlidir və bu çərçivə enerji istehsalı üçün mükəmməl hüquqi normativ bazanın təkmilləşdirilməsi, investisiyaların həcminin artırılması üçün əlverişli mühitin formalaşdırılması, bu istiqamətdə geniş miqyaslı islahatların aparılması kimi bir sıra önəmli addımları özündə ehtiva edir. Son olaraq, elektrik enerjisi ticarəti üzrə uzun müddətli strategiyalar hazırlanmalıdır. Burada həm ixrac, həm də idxal məsələləri, balanslaşdırılmış ticarət mövzuları xüsusilə diqqətə alınmalıdır. 

Təhməz Təkin Son.az