"Həmin videoya görə qadınlarla mübahisəm düşdü"


Şou-biznes 27 İyn 2020 11:04:00 218 0

"Həmin videoya görə qadınlarla mübahisəm düşdü"

Son.az ölkə.az-a istinadən mərhum rep ifaçısı, müğənni Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva ilə müsahibəni təqdim edir:

- Anjelika xanım, istəyərdim Anar Nağılbazla olan sevgi tarixçənizdən başlayaq...

- Anarla  2007-ci ildə ailə qurmuşuq. Tanışlığımızın isə maraqlı tarixçəsi var. Mən o zaman çox gənc idim, ailə qurmaq haqqında ümumiyyətlə düşünmürdüm. Biz yaxın ailə dostumuzun nişan mərasimində tanış olmuşuq. Tanışlıqdan qısa müddət sonra isə ailə qurduq. Sizə bir fakt deyim. Anarın dostu bizim də yaxın ailə dostumuz idi. O, Anarın evlənmək istədiyini bildirdikdə mən hətta ona evlənmək üçün xanım da axtarmışam.

- Bildiyim qədər 10 yaş fərqiniz vardı. Bu yaş fərqi anlaşmada çətinliklər yaratmırdı ki?

- Bu barədə heç yerdə danışmamışam. Deməli, biz evlilik qərarı verəndə gecə saat üç idi. Açıq söhbətimiz oldu, mənə ürəyini açdı, bir söz dedi və mən ondan sonra qərarımı verdim.

- Nə dedi sizə?

- Bu bir az uzun söhbətdir, qısa deyə bilərəm ki, açıq şəkildə hər şeyi etiraf etdi, həyatında olan çətinliklərdən danışdı.

- Bu çətinlik maddi idi, yoxsa mənəvi? Axı Anar imkanlı ailədə böyümüşdü, atası Rizvan Cəbiyev deputat idi.

- Yox, onun problemi maddi sıxıntı deyildi, söhbət mənəvi sıxıntılardan, gördüyü çətinliklərindən gedirdi.

- Anarla evlənməyiniz ailələr arasında hansısa bir narazılığa səbəb olmuşdu, yoxsa hər iki tərəf razı idi?

- Bizim ailə bir az narazı oldu. Hətta qardaşlarım toyumda iştirak etmədi. Lakin sonradan bunun mənim seçimim olduğunu qəbul etdilər və hər şey öz qaydasına düşdü.

- Evlilikdən sonra Anarla münasibətləriniz necə idi?

- Bizim münasibətlərimiz çox gözəl olub. Ümumiyyətlə, Anar çox yaxşı ailə başçısı idi. Sonradan bəzi hadisələr baş verdi və ona görə də hər şey bu qədər dəyişdi. Bəlkə də bunda düşdüyü mühit, ətrafında olan insanların rolu oldu.

- Neçə il mehriban, xoşbəxt yaşamısız?

- İlk 4-5 il ailəmizdə hər şey çox gözəl idi. Daha dəqiq desəm, qızım doğulana qədər biz çox mehriban idik. Sonradan yaranan bəzi söz-söhbətlərdən sonra aramızda soyuqluq yarandı. Boş-boş söhbətlər bizim ailə münasibətlərinə öz təsirini göstərməyə başladı.

- Bu söz-söhbətlərin yaranmasında Anarın ailəsinin rolu var idi?

- Yox, əksinə qayınatam və qayınanam bu davalar zamanı məni dəstəkləyirdilər.

- Anar özü başqa nə işlə məşğul idi, ailəsini necə dolandırırdı?

- Anar televiziya rejissoru idi, bu sənət üzrə ali savadı vardı. Bir müddət telekanalların birində rejissor kimi fəaliyyət göstərib. Daha sonra mədəniyyət sahəsində çalışmağa başladı. Ancaq ən çox bizə qayınatam dəstək olurdu.

- Şəxsi eviniz vardı, yoxsa Anarın ailəsi ilə yaşayırdınız?

- Yox, biz heç zaman ayrı yaşamamışıq. Ailə qurduqdan son günə qədər qayınatamgil ilə yaşamışıq. Ancaq Anar "Cənub" televiziyasında çalışanda bir müddət orada ayrı yaşamışıq.

- Bir evdə yaşamaq hansısa söz-söhbətlərin yaranmasına səbəb olurdu? Münasibətləriniz necə idi?

- Bizim münasibətlərimiz çox yaxşı olub. O ki, qaldı söz-söhbətlərə, o hər evdə olan bir işdir, arada bizdə də belə xırda problemlər olurdu, tez bir zamanda da keçib gedirdi.

- Niyə bəs sonradan onların münasibətləri sizə qarşı belə dəyişdi? Səbəb nə oldu?

- Ortada çox anlaşılmazlıqlar oldu. Məni tamamilə səhv başa düşdülər.  Anardan övladlarımla bağlı müəyyən tələblərimin olması onlar tərəfindən başqa cür qəbul edildi.

- Hazırda vəziyyət necədir? Nəvələrini görməyə gəlirlər? 

- Bəli, onlar nəvələrinə hər cür dəstək  göstərirlər. Bir ay karantin zamanı uşaqlar baba-nənəsinin yanında idilər, orada qalırdılar.

- Bəs, siz bu müddət ərzində gedib övladlarınızı görürdünüz?

- Xeyr, babası gəlib apardı uşaqları.

- Hazırda qayınananızla münasibətləriniz necədir?

- Gediş-gəlişimiz yoxdur, necə deyirlər, "salam, sağol" münasibətindəyik.

- Qayınananız yenə sizi Anarın ölümündə günahlandırır, sizi nələrdəsə ittiham edir, yoxsa?

- Bunu deyə bilmərəm. Mən yad qızıyam, əsas onların nəvələridir, Anarın yadigarlarıdır. Başqa sözlərə ehtiyac yoxdur, məncə.

- Məndə olan məlumata görə, qayınatanız Rizvan Cəbiyevin sizə böyük maddi dəstəyi vardı, o kömək davam edir, yoxsa?

- Bəli, hər zamanki kimi bizə maddi və mənəvi dəstək göstərir. Hazırda da bu davam edir. Övladlarımı babaları dolandırır, geyimlərindən tutmuş kirayə qaldığımız evimizin puluna qədər hər şeyi qarşılayır.

- İstərdim Anarın son günlərindən danışasınız. Vəziyyəti necə idi? Övladlarını görməyə gəlirdimi?

- Müəyyən səbəblər oldu, mən son dəfə onu görə bilmədim. Ölümündən 1 həftə əvvəl mənə 4-5 dəfə zəng etdi, danışdıq. Görüşmək istəyirdi, mən imtina etdim. Buna görə hələ də özümü bağışlaya bilmirəm. Dedim uşaqları görmək istəyirsənsə, gəlib apara bilərsən. Lakin mənimlə görüşüb söhbət etmək istədiyini dedi. Mən buna görə özümü hələ də qınayıram.

- Bu xəstəlik Anarda əvvəldən var idi?

- Bəli, qara ciyərində problem vardı.

- Özünüz də bir az əvvəl qeyd etdiniz ki, evlənməyinizə ailəniz razı deyildi. Boşandıqdan sonra ailəniz sizə dəstək olurmu?

- Onlar da hər zaman mənə maddi-mənəvi dəstək olublar. Bütün bu vaxt ərzində kiçik qardaşım hər zaman yanımda olub.

- Hazırda özünüz nə işlə məşğulsunuz? Necə dolanırsınız?

- Gözəllik salonlarının birində stilist-vizajist kimi fəaliyyət göstərirəm. Öz peşəm üzrə çalışıram.

- Karantinə görə, sizin sahədə də bir müddətdir ki, iş yoxdur...

- Bəli, hazırda işləmirəm, uşaqlarla evdəyəm. Amma həm qayınatam, həm də qardaşım bizə maddi kömək edir.

- Məndə olan məlumata görə, vaxtı ilə hətta Anardan hüquq mühafizə orqanlarına şikayət də etmisiniz. İstəyərdim bu barədə də danışasınız.

- Mən o məsələlərə qayıtmaq istəmirəm. Həqiqətən də bu istəmədən alınan bir vəziyyət idi. Əsas odur sonradan hər şey öz yoluna düşdü, haqlı, haqsız tərəf bilindi.

- Anarın ikinci ailəsi haqqında nə deyə bilərsiniz? Xanım kim idi,harada tanış olmuşdular, rəsmi nikahları var idimi?

- Eşitdiyimə görə, rəsmi nikahları olub. Ancaq mən o qadını şəxsən tanımıram.

- Bir yerdə yaşayırdılar?

- Heç bir məlumatım yoxdur. Çünki, bu barədə heç vaxt maraqlanmamışam.

- Anarın məzarını ziyarət edirsiz?

- Bəli, oğlum getmək istəyir, yuxuda tez-tez atasını görür. Ramazan ayında qızım atası üçün dua edirdi. Namaz qıldı, əllərini açıb "Allahım, atamın yerini orada rahat et!" deyə dua etdi.

- Bu ziyarətlərə Anarın ailəsi mane olmur?

- Xeyr, hətta mənim vaxtım olmayanda babası, nənəsi uşaqları ora ziyarətə aparır. Mənim yolum bir az uzaq olduğundan tez-tez gedə bilmirəm.

- Dəfn mərasimində iştirak etmişdiniz?

- Xeyr.

- Niyə? Sizə icazə vermədilər, yoxsa?

- Sadəcə olaraq mənə deyildi ki, orada iştirak etməyim. Həm də uşaqlar rayonda idi, oğlum bilmirdi.

- Gənc yaşınızda ailə qurdunuz, 5-6 il xoşbəxt həyat yaşadınız, sonradan gərginliklər, problemlər başladı. Qarşınızda belə bir seçim olsaydı, Anarla yenidən ailə qurardınız?

- Buna tam səmimi cavab verəcəm. Mən Anarla ailə qurduğuma görə heç vaxt peşman olmamışam. Sadəcə, bəzi anlaşılmazlıqları qırağa qoysaq, mən Anarla xoşbəxt olmuşam.

- Artıq neçənci dəfədir ki, deyirsiz bəzi anlaşılmazlıqlardan münasibətlərimiz korlanmağa başladı. Burada aranıza girən 2-ci, 3 cü şəxslərdən söhbət gedir? Hətta sizin bəzi açıqlamalarınızda oxumuşdum ki, bu münasibətlərin korlanmasında Anarın anasının müəyyən qədər rolu olub...

- Əsəbi olanda insan sonradan peşman olacaq sözlər işlədə bilir. Səmimi cavab verim, Anar həyatda yoxdur, uşaqların da onun ailəsi ilə münasibətləri çox yaxşıdır. Babası və nənəsi Anarın yadigarları ilə nəfəs alırlar. Mənim onlarda heç bir haqqım qalmayıb. Söz-söhbətlərə gəldikdə isə, o hər bir ailədə olur.

- Anar boş vaxtlarında nə ilə məşğul olurdu?

- Mahnı bəstələyirdi, ifa edirdi. Onun bütün mahnılarının birinci dinləyicisi mən olmuşam. Hətta gecə saat 3-də məni oyadırdı ki, yeni mahnı bəstələmişəm ona qulaq as.

- Anarın üzə çıxmayan bəstələri var?

- Bəli, çox sayda bəstələri qalıb.

- Sizdə var o mahnılar?