DGK həbs olunan şöbə rəisi ilə bağlı məlumat yaydı


Digərləri 26 İyn 2020 14:41:00 241 0

DGK həbs olunan şöbə rəisi ilə bağlı məlumat yaydı

Ölkə başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, DGK Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.