Sevil Mikayılova: Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün tam səfərbərdir


Siyasət 26 İyn 2020 14:21:00 223 0

Sevil Mikayılova: Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün tam səfərbərdir

Bu gün 102 yaşını qeyd etdiyimiz Azərbaycan Ordusu öz şanlı tarixini yaşayır və hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Dövlətimizin ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi gücünün artırılması və müdafiə qabiliyyətinin yüksəldilməsini təmin edib.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində yerli standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri sayəsində Azərbaycan Milli Ordusu dünyanın ən güclü orduları sırasındadır:

"Hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordularından biridir. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Ordusunun dinamik inkişaf tempi olduqca yüksəkdir. Azərbaycan Ordusunun döyüş hazırlığı, silah-sursat və hərbi texnika təchizatı, təkmil maddi-texniki bazası və vətənpərvərlik ruhu istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə imkan verir.

Ordumuz son illər formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, o cümlədən zirehli maşınlar, pilotsuz uçuş aparatları ilə təmin edilib.

Xüsusilə qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Eyni zamanda, öz hərbi potensialını gücləndirmək məqsədilə Azərbaycan müxtəlif ölkələrdən müasir silah və sursat əldə edir. Bütün hərbi hissələr, şəhərciklər və hərbi bazalar müasir standartlara uyğun olaraq yenidən qurulur və yeni hərbi təlim mərkəzləri yaradılır".

S.Mikayılova əlavə edib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan dövləti üçün hərbi qüdrətini gücləndirmək əsas prioritetlərdən biridir:

"2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 3 milyard 853.6 milyon manat həcmində vəsait nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə təxminən 21 faiz çoxdur. Əminliklə söyləmək olar ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, vətənpərvərlik hissi və hərbçi əzmi yüksəkdir. Ali Baş Komandan İlham Əliyevin əmrini istənilən anda yerinə yetirməyə hazır olan Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün tam səfərbərdir".

Son.az