"Xəstələrimizin bəziləri özünü öldürmək istəyir"


Digərləri 26 İyn 2020 12:15:00 201 0

"Xəstələrimizin bəziləri özünü öldürmək istəyir"

"Xəstələrin vəziyyətlərinin ağırlığı, həyəcan-təşviş dolu baxışları, yaşamaq uğrunda necə mübarizə aparmaları dəhşətli mənzərədir"

"Mən İstanbula təcrübə keçməyə getmişdim, oradan qayıtdığımda aprel ayından "Semaşko"nun Yoluxucu Şöbəsi koronavirus xəstələrini qəbul etməyə başladı. Bura çoxlarının sadəcə kənardan izlədiyi, biz həkimlərin isə hər gün 8 saatlıq iş rejimi, hava kecirməz geyimlər, qoruyucu eynək, tibbi maskalar və əlcək, qidalanmada olan məhdudiyyətlərlə mübarizə apardığımız ön cəbhə dediyimiz sözün əsl mənasında COVİD 19 infeksiyasi ilə mübarizə meydanıdır".

Bunu Son.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") COVİD-19 infekiyasi üzrə konsultant psixiatrı Aytən Namazova deyib.

O, doğma dayısı olan respublikanın tanınmış cərrahını günlər öncə koronavirusdan itirdiyini açıqlayıb:

"Elə gərginlikdə oluruq ki, günlər də adamın yadından çıxır. Artıq bir müddətdir biz həkimlərin gündəlik həyat tərzinə çevrilən bu geyimlər aşırı tərləməmizə, immun sistemimizin zəifləməsinə, orqanizimdə maddələr mübadiləsinin, "K" və "Ca" mübadiləsinin pozulmasına, çəki itkisinə, gücümüzün tükənməsinə, tibbi personalın yoluxmasına getirib çıxarır. Çox şükür ki, biz hələ yoluxmamışıq. Amma dayım, tanınmış cərrah Faiq Yusifov koronavirusdan dünyasın dəyişdi.

Koronavirusdan dünyasını dəyişən Faiq Yusifov

Xüsusilə də hər gün qarşılaşdığımız əlimizdən gəldiyi qədər hər bir köməyin göstərilməsinə rəğmən xəstələrin vəziyyətlərinin ağırlığı, simalarında olan ümid hissi, həyəcan-təşviş dolu baxışları, yaşamaq uğrunda necə mübarizə aparmaları və bütün bunların fonunda psixoloji narahatlıqlarının yaranması biz həkimlər üçün dəhşətli mənzərədir. Bütün bunları nəzərə alaraq bu bəladan hamılıqla tezliklə qurtulmağımız, özünüzün, yaxınlarınızın və komorbid xəstəliyi olan insanların sağlamlığını təhlükə altına atmamanız, ağır vəziyyətdə xəstəxananın soyuq divarları arasında müalicə olunmamanız xətrinə sizlərdən xahiş edirik, tətbiq edilmiş karantin rejiminə ciddi şəkildə riayət edin. Lazım gəlmədikcə evdən bayıra çıxmayın, sosial izolyasiya qaydalarına riayət edin, mütləq şəkildə tibbi maskadan və əlcəkdən istifadə edin, kütləvilik olan məkanlarda toplaşmayın (ad günləri və yas mərasimləri və s. - red), ictimai nəqliyyat vasitələrindən bacardığıniz qədər az istifadə edin.

Koronavirus infeksiyasina yoluxmuş xəstələr arasinda ən sıx müşahidə edilən psixi pozuntuları şərti olaraq 2 qrupa ayırsaq:

I qrupa (1cili olaraq)-COVİD 19 infeksiyasına yoluxmazdan öncə psixoloji durumu ilə əlaqəli olaraq privat şəkildə müalicə edilən xəstələr bu və ya digər formada qəbul etdikləri psixotrop dərman preparatlarının dayandırılması fonunda yaranan psixoloji narahatlıqlar daxildir. II qrupa (2cili olaraq)-COVİD 19 infeksiyasına yoluxmuş xəstələrdə xəstəlik prosesində yaranan stresə qarşı reaksiya fonunda müşahidə edilən psixi pozuntular daxildir.

Hər iki halda COVİD-19 infeksiyasına yoluxmuş xəstələr arasında ən sıx müşahidə edilən psixi, nevrotik, streslə əlaqəli pozuntulara panik ataka (epizodik paroksizmal həyacanlılıq), generalizə edilmiş həyəcan pozuntusu, qarışıq həyəcan ve depressiv pozuntular, obsessiv-kompulsiv pozuntu (takıntı xəstəliyi), depressiv epizod və s. daxildir. Bəzən depressiv epizod fonunda xəstələrdə intihar yönümlü fikirlərin səsləndirməsi və intihara cəhd etmələridir. COVİD-19 infeksiyasina yoluxmuş xəstələrdə aparıcı simptomlardan olan iştahsızlıq fonunda qidadan imtina etmə, temperatur, boğulma, öskürək fonunda yuxu pozuntularının baş verməsi depressiv halların yaranmasını daha da stimulyasiya edir. Psixoloji durumu ilə əlaqəli olaraq müalicə edilən xəstələrin psixiatr tərəfindən təyin edilmiş dərman preparatları həkim nəzarəti olmadan azaldılmamalı və kəsilməməlidir.

Koronavirusa yoluxduğu üçün özünü öldürmək istəyən xəstələrimiz var

Aprel ayından bizim xəstəxanın Yoluxucu Şöbəsinə gətirilən pasiyentlər arasında koronavirusa yoluxma təhlükəsi ilə yaşayan "Birdən məndə koronavirus olar", "Birdən koronavirusa yoluxaram" düşüncəsində xəstəxanaya gətirilən şəxslərdə psixoloji pozuntular müşahidə etməyə başladım. Əvvəl gündən müraciətlər, konsultasiyalar olduqca o pasiyentləri konsultasiya etmişəm. Hal-hazırda bizim xəstəxanada sırf koronavirus xəstələri müalicə olunur. İndi onların psixoloji durumu tərəfimdən qiymətləndirilir. Lazım olduqda onlara dərman təyinatı olunur. İntihar yönümlü fikirləri olan xəstələr nəzarət altında saxlanılır. Koronavirusa yoluxduğu üçün özünü öldürmək istəyən xəstələrimiz var. Toksikologiya şöbəsinə müraciət edən elə xəstələr çoxdur. Heç koronavirus deyil, sadəcə olaraq koronavirusdan qorxur, fobiya var. İnsanlarda bir neçə müddət bu davam etdiyi üçün fikirlər formalaşır ki, "Hə, koronavirusam və yaxud mən yoluxacam" qorxu-həyəcanla toksikologiya şöbəsinə müraciət edənlər var.

"Mən də birdən koronavirusa yoluxaram" fikiri ilə özlərinə qəsd etmək istəyənlər var

Heç virusa yoluxmayıb, heç bir klinik əlamət yoxdur. Sadəcə olaraq "Mən də birdən koronavirusa yoluxaram" fikiri ilə özlərinə qəsd etmək istəyənlər var. O qorxu, həyəcan, təşviş fonunda bir depressiv vəziyyət yaranır. Ona görə də intiharlar olur. Eyni zamanda koronavirus xəstələri arasında da "Koronavirusdan xilas ola bilmərəm, sağala bilmərəm" düşüncəsi ilə qorxu, həyəcan, panik ataklar keçirənlər var. Testi pozitiv çıxanlar arasında intihar fikirləri olan pasiyentlərimiz var. Bu, daha çox əsas da aprel ayında koronavirus yeni-yeni bizdə yayılmağa başlayanda olurdu. Elə xəstələr dərhal ciddi nəzarətə alınır. Əgər intihar məqsədi olan xəstələr 2-ci, 3-cü mərtəbədə müalicə edilirlərsə, dərhal yuxarı mərtəbələrdən aşağı mərtəbələrə endirilir ki, orada sırf izolyasiya olunsun.

Bir xəstə var, vəziyyəti ağır olduğu üçün onu hələ konsultasiya etməmişəm. Koronavirusa yoluxan həmin xəstə sirkə turşusu içib. İndi, o, həm sirkə turşusu içdiyinə görə, həm də koronavirusdan izolyasiya edilərək müalicə edilir. Son vaxtlar depressiv vəziyyətə düşən xəstələrin sayında daha çox artım müşahidə edilir. Mən sırf psixoloji problemi olan koronavirus xəstələrini konsultasiya edirəm. Onların arasında COVİD-19-a yoluxmuş orta yaşlı insanlar da var. Bu virusdan yaxa qurtarmaq üçün insanlardan sosial izolyasiya qaydalarına riayət etməyi xahiş edirəm. Mütləq şəkildə tibbi maskadan istifadə edin, kütləvilik olan məkanlarda toplaşmayın, ictimai nəqliyyatdan bacardığıniz qədər az istifadə edin".

Təhməz Təkin Son.az