Bu gün keçirilən imtahanlarda qayda pozuntusu olmayıb DİM


Digərləri 25 İyn 2020 16:51:00 170 0

Bu gün keçirilən imtahanlarda qayda pozuntusu olmayıb  DİM

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 25-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar Ağstafa, Şamaxı, Balakən, Oğuz, Bərdə, Zərdab, İmişli, Biləsuvar, Astara, Quba olmaqla, ümumilikdə 10 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 52 imtahan binası, 834 imtahan zalı, 52 ümumi imtahan rəhbəri, 133 imtahan rəhbəri, 1090 nəzarətçi - müəllim, 104 buraxılış rejimi əməkdaşı, 52 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.