Jalə Əhmədova: Koronavirusla mübarizədə Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirir


Siyasət 25 İyn 2020 15:31:00 194 0

Jalə Əhmədova: Koronavirusla mübarizədə Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirir

"Düşünürəm ki, koronavirusla mübarizə sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyi, düşünülmüş qabaqlayıcı addımların əhalini böyük fəlakətdən qoruduğu, Azərbaycan dövlətinin öz üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirdiyi və dövlətin hər zaman öz vətəndaşının yanında olması danılmazdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

J.Əhmədova bildirib ki, bunun növbəti sübütü Gəncə şəhərində cənab Prezident İlham Əliyev tərəfindən 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışıdır:

"Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Nəzərinizə çatdırmaq istərdim ki, modul tipli xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilmişdir və yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaqdır. İstifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalardır.

Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır və infeksiyaya yoluxanların böyük əksəriyyəti sağalaraq xəstəxanalardan çıxıb. Bütün bunlar vaxtında qəbul edilən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin sayəsində mümkün olmuşdur.

Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi vətəndaşları incitmək deyil, yoluxmanın sürətini azaltmaqdır. Son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Maska, məsafə və dezinfeksiya - insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq və yumşaldıcı tədbirlər görüləcəkdir. Sərtləşdirilmiş rejimin müddəti koronavirusun yayılmasından asılıdır.

Düşünürəm ki, məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır. Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Üç adi qayda gözlənilməli, həmrəylik, birlik göstərildiyi kimi, məsuliyyət, nizam-intizam göstərilməlidir və məsuliyyətsiz adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu polisdən öncə tənbeh etməlidir, onu başa salmalıdır. Sonda qeyd edim ki, bu artıq milli təhlükəsizlik məsələsidir və nizam-intizam bundan sonra da pozulduğu halda, daha təsirli tədbirlər görüləcək".