Leyla Bağırzadə: "Kanadalılardan fərqli olaraq, azərbaycanlılarda pis vərdişlər yoxdur" - MÜSAHİBƏ


Siyasət 24 İyn 2020 15:04:10 186 0

Leyla Bağırzadə: "Kanadalılardan fərqli olaraq, azərbaycanlılarda pis vərdişlər yoxdur" - MÜSAHİBƏ

"Azərbaycanın səhiyyə sistemi təkmilləşməlidir, hər xəstənin peşəkar həkim dəstəyi almaq hüququ tam təmin olunmalıdır"

Leyla Bağırzadə

"Azərbaycanın səhiyyə sistemi təkmilləşməlidir, hər xəstənin peşəkar həkim dəstəyi almaq hüququ tam təmin olunmalıdır"

Kanadada fəaliyyət göstərən yeganə azərbaycanlı həkim-anestezioloqLeyla Bağırzadə "Report"a müsahibə verib.

- Uzun illərdir Kanadada yaşayırsınız, həm də həkim kimi fəaliyyət göstərirsiniz. İlk sualım belə olacaq. Niyə məhz Kanada?

- Bu sual mənə Vaşinqtonda-Kanadanın ABŞ-dakı səfirliyində verilən bir sualı xatırlatdı. Boston Universitetində İctimai Sağlamlıq üzrə magistr dərəcəsi alandan sonra sənədlərimi Kanadanın Alberta Universitetinin peşə xəstəlikləri üzrə PhD proqramına göndərmişdim. Universitet təhsil haqqımı ödəməklə yanaşı, həm də mənə təqaüd verməyə razılaşmışdı. Ona görə də Kanadaya köçmək qərarına gəldim. Tələbə vizası almaq üçün səfirliyə müraciət etdim. Səfirlikdə çalışan xanım şübhə dolu baxışlarla mənə belə bir sual verdi: “Niyə məhz Edmonton? Orda tanışlarınız var?”. Düzü, bir az qorxdum. Fikirləşirdim ki, görəsən ora qorxulu yerdir? Bəlkə, bu xanımın mənə yazığı gəlir, istəmir ora gedim.

- Bəs qərarınızdan peşman olmadınız?

-Yox, o vaxt çox narahatlıq keçirsəm də, illər sonra əminliklə deyə bilərəm ki, bura gəlməyimə heç də peşman deyiləm.

- Eşitdiyimizə görəKanadada fəaliyyət göstərən yeganə azərbaycanlı həkim-anestezioloqsunuz. Anesteziologiya sahəsi üzrə yeganə azərbaycanlı olduğunuz üçün qazandığınız nailiyyətləriniz təkcə həkim Leyla Bağırzadənin yox, həm də xalqımızın adının ucalığıdır. Bu fakt sizin çiyinlərinizə əlavə məsuliyyət qoyurmu?

- Məncə, həkimlik sərhədləri olmayan peşədir. Milliyyətindən asılı olmayaraq, bu peşəni seçən hər bir insanın əsas məqsədi insanlara kömək etmək, ən çətin anlarında onlara ümid vermək olmalıdır. Mən hər şeydən öncə həkimlik borcumu layiqincə yerinə yetirməyə çalışıram. Hesab edirəm ki, həkim özünə, ailəsinə, doğmalarına qarşı hansı münasibəti gözləyirsə, xəstələrinə də elə münasibət göstərməlidir. Düzdür, xəstələr məndən tez-tez haralı olduğumu soruşurlar. Mən də hər fürsətdə onlara Azərbaycan barədə məlumat verirəm. 2005-ci ildə həkim-rezident kimi işə başlayanda Azərbaycanı tanıyanların sayı olduqca az idi. Lakin indi həm kanadalı iş yoldaşlarım, həm də xəstələrim deyir ki, mən onların tanıdıqları ilk azərbaycanlıyam. Ən əsası, onlar artıq Azərbaycanı tanıyırlar və harda yerləşdiyini bilirlər.

- ATU-ni bitirəndən sonra bir müddət Bakıda da həkim kimi fəaliyyət göstərmisiniz. Kanadalılarla azərbaycanlıların sağlamlığa yanaşma tərzləri arasında fərq çoxdurmu?

- Düzdür, Azərbaycanda da işləmişəm. Amma bunun üzərindən xeyli vaxt keçib, ona görə də müqayisə etmək çətindir. Həm də Azərbaycanda işlədiyim zamanlar çox çətin dövr idi. O vaxtdan bu yana çox şey dəyişib. Fərqli səhiyyə sistemləri olduğu üçün iki ölkənin müqayisəsini aparmaq da çətindir. Azərbaycanın səhiyyə sistemi təkmilləşməlidir, hər xəstənin peşəkar həkim dəstəyi almaq hüququ tam təmin olunmalıdır. Azərbaycanda kifayət qədər çox xəstəxana olsa da, sistem özü funksional deyil və xəstənin sağlamlığı konkret hansısa həkimin peşəkarlıq səviyyəsindən asılı olur. Həkimlərin hazırlanması hər iki ölkədə fərqlidir. Bu da xəstələrə münasibətdə öz əksini tapır. Səhhətlərinə yanaşmaq məsələsinə gəlincə, sizə bir söz deyim ki, bu adətən ailə dəyərləri, tərbiyə və təhsil səviyəsindən asılı olur. Bildiyimiz kimi, pis vərdişlər bəzi xəstəliklərə səbəb olur. Kanadalılardan fərqli olaraq, azərbaycanlılarda bu pis vərdişlər yoxdur. Məsələn, anamla yaşıd kanadalı qadınların çoxu 30-40 yaşlarında, bəziləri hətta 70 yaşında siqaret çəkirlər. Azərbaycanlı qadınlarda siqaretin səbəb olduğu pis xəstəliklər daha az müşahidə olunur. Digər fərqli cəhət isə cərrahi müdaxilələrdədir. Azərbaycandan fərqli olaraq, Kanadada hətta ağır xəstəlikləri olan xəsətələrə də cərrahi əməliyyat təklif edirlər. Məqsəd onların həyat fəaliyyətlərini cuzi də olsa, yaxşılaşdırmaq və ağrılarını qismən azaltmaqdır. Təbii ki, bu müdaxilələr xəstəliyin stabil olduğu dövrdə edilir. Hər iki ölkənin xəstələrinin həkimdən gözləntiləri də fərqlənir. Kanada səhiyyə sistemi xəstələrin gözləntilərini tam qarşılaya bilir.

- Uzaq və soyuq Kanadada ananız, həyat yoldaşınız və oğlunuzdan ibarət çox gözəl, isti ailə ocağınız var. Azərbaycanlılıq ideyasını, Azərbaycan ailəsinin mənəvi dəyərlərini necə qoruyursunuz?

- Zənnimcə, milli kimlik bir neçə komponentdən ibarət olur: dil, adət-ənənə və milli xörəklər. Çox şanslıyam ki, anam mənimlə yaşayır və evimizin ağbirçəyidir. Anamın sayəsində süfrəmizdə həmişə milli xörəklər olur. O, Azərbaycanda baş verən hadisələri maraqla izləyir və hər gün bizimlə bölüşür. Keçmişi xatırlayır. Bu çox mühümdir. Bayramları, xüsusi ilə də Novruz bayramını və çərşənbə axşamlarını evdə milli ab-havada qeyd edirik. Süfrəmizdə mütləq səməni və milli şirniyyatlarımız olur. Kalgeridə yaşayan azərbaycanlı ailələrlə ildə iki dəfə - Həmrəylik günündə və Novruz bayramında görüşürük. İngilislər demişkən, evdən uzaq ev mühiti yaratmağa çalışırıq.

- Vətəndən uzaqda oğul övladı böyüdürsünüz. Bəs ona vətənpərvərlik ruhu aşılamaq üçün nələr edirsiniz?

- Bizim ailəmizdə bu proses çox təbii alınır. Oğlum bilir ki, Kanadada doğulsa da, o azərbaycanlıdır. Dil açan gündən azərbaycanca danışır. Hətta indi Azərbaycan dilində sərbəst danışır. Mən ona azərbaycanca kitablar oxutdururam. Sevindirici haldır ki, xarici yazarların əsərləri artıq azərbaycan dilinə tərcümə olunur. Biz hər il Bakıya gələndə xeyli kitab alırıq. Evimizdə hər axşam milli musiqiyə qulaq asırıq. Bir qədər öncə qeyd etdiyim kimi, vətəndən uzaqda yaşasaq da, milli adət-ənənələri qoruyub saxlayırıq, bayramları və digər əhəmiyyətli günləri qeyd edirik, ətrafımızda olan insanlara Azərbaycan barədə məlumat veririk. Məktəbdə mədəniyyət günləri təşkil olunanda oğlum həmişə Azərbaycanı təmsil edir. Həm dostlarına Azərbaycan barədə danışır, həm də dostlarını nənəsinin bişirdiyi dadlı şirniyyatlara qonaq edir. Oğlum həmçinin “Azerbaijan Calgery Stars” rəqs qrupunun üzvüdür. Bu qrup Kalgeridə keçirilən müxtəlif festivallarda Azərbaycanı təmsil edir. Hətta onlar Kaliforniyadakı “Disney Land” səhnəsində Azərbaycan rəqslərini ifa ediblər.

Oğlumu lap körpəliyindən hər yay Azərbaycana aparırıq və 2 aya yaxın orada qalır. Bakı ilə yanaşı digər rayonlarımızda da olub, ordakı adətlərlə tanış olub. Uşaqlara vətənpərvərlik ruhunu aşılamaq valideynlərin borcudur. Mən sevinirəm ki, bunun öhdəsindən gələ bilmişəm.

- Ümumiyyətlə, Kanada işçi qüvvəsinə çox ehtiyac olan ölkələrdəndir. Bu səbəbdəndir ki, Kanadada kifayət qədər azərbaycanlı yaşayır. Azərbaycanlıların Kanada cəmiyyətinə inteqrasiyası çətin olmur ki?

- Bilirsiniz, mən hamının yerinə danışa bilmərəm. Kanadaya üz tutan hər bir immiqrantın öz yolu, bu yolda qarşılaşdığı çətinliklər olur. Hətta bu çətinliklərin həll yolları da fərqli olur. İş tapmaq problemi adətən o şəxsin ixtisasından, iş təcrübəsindən və o sahə üzrə iş imkanlarından asılı olaraq həll edilə bilər. İnteqrasiya məsələsi ilə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə, kanadalılar immiqrantları yaxşı qəbul edirlər. Elə bu ölkənin tarixi immiqrasiya üzərində qurulub. Lakin bu o demək deyil ki, Kanadaya üz tutmuş hər bir şəxs dərhal ev, iş və s. ilə təmin olunur. İllərlə formalaşmış prosesə uyğun olaraq müxtəlif təşkilatlar immiqrantları müəyyən vasitələrlə təmin edir, onlara yol göstərməyə çalışırlar. Şəxsin bacarığı varsa, özünə uyğun iş qura bilir. Uğur qazanmağın sirri düzgün zamanda, düzgün yerdə olmaq və yaxşı bildiyin işi görməkdən ibarətdir. Təbii ki, kanadalılar işgüzarlığı, peşəkarlığı və şəxsi maraqları işdən üstün tutmamağı çox yüksək qiymətləndirirlər. Əgər bir insan yuxarıda deyilən xüsusiyyətlərə malikdirsə və artıq iş tapa bilibsə, inteqrasiya prosesi asan olur. İş yerində nüfuz qazanmaq heç də çətin deyil. Sosial inteqrasiya isə bir az çətindir.

- Niyə? Səbəb nədir?

- Bilirsiniz, kanadalıların həyat tərzi bizimkindən xeyli fərqlənir. Mən bacardığım qədər insanlarla ünsiyyət qururam. Amma nəzərə alsaq ki, insan vaxtının çoxunu işdə keçirir, işdən sonra isə ailəsinə vaxt ayırmalı və ailə problemlərini həll etməlidir, onda əlavə fəaliyyətlərə çox vaxt qalmır.

- Bəs Kanadada yaşayan azərbaycanlıların təşkilatlanmasını sizi qane edirmi?

- Eyni şəhərdə, vilayətdə yaşayan azərbaycanlılar bir-birlərini tanıyırlar. Keçən il, payız aylarında Alberta Azərbaycan Cəmiyyəti gənc peşəkarların şəbəkələşməsi ilə bağlı çox gözəl bir tədbir keçirdi. Kalgeridə yaşayan, müxtəlif sahələrdə işləyən peşəkarlar tədbirə dəvət olunmuşdu. Tədbirdə gənclər arasında təcrübə mübadiləsi oldu. Belə tədbirlərin tez-tez keçiriləcəyinə ümid edirəm. Sosial şəbəkələrin sayəsində Kanadada yaşayan azərbaycanlılar bir-birlərini tapırlar, əlaqə yaradırlar, təcrübələrini bölüşürlər. Digər milli icmalarla müqayisədə Azərbaycan icması çox da güclü deyil. Amma nəzərə almalıyıq ki, bizim sayımız çox deyil və azərbaycanlılar Kanadaya yaxın tarixdə üz tutublar. Bu da bir nailiyyətdir. Ümin edirəm ki, zamanla şəbəkələşmə geniş vüsət alacaq və bizim əsasını qoyduğumuz təbliğat işini gələcək nəsillər davam etdirəcək, övladlarımız vətənlərini unutmayacaqlar.

- Diasporla İş üzrə Dövlət Komitəsinin Kanadada yaşayan azərbaycanlılarla bağlı fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu istiqamətdə hansı işlər görülməlidir, diasporun daha da güclənməsi naminə hansı addımlar atılmalıdır?

- Mən Dövlət Komitəsinin fəaliyyəti ilə yaxından tanış deyiləm.“Facebook”sosial şəbəkəsində paylaşılan məlumatları izləyirəm. Bildiyim qədəri ilə dünyada yaşayan azərbaycanlıları tapıb, onların fəaliyyətlərini hamıya göstərirsiniz. Bu çox gözəl təşəbbüsdür. Əks təqdirdə, dünyada bu qədər dəyərli soydaşlarımızın olduğundan bixəbər olardıq. Yaxşı olardı ki, Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan diasporlara festivalların, tədbirlərin keçirilməsində köməklik etsin. Sərgilərin təşkil olunmasına dəstək olsun, musiqiçilərlə, ziyalılarla görüşlər təşkil etsinlər. Uşaqlara Azərbaycan dilinin öyrədilməsi üçün tədris vəsaitlərinə də ehtiyacımız var. Səhv etmirəmsə, Azərbaycan dilli məktəbi Kanadada yalnız Toronto şəhərindədir. Yaxşı olardı ki, azərbaycanlıların məskunlaşdığı digər şəhərlərdə də uşaqlar üçün belə imkanlar yaradılsın.

Lalə İmamalıyeva