Cəlil Xəlilov: Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır


Siyasət 24 İyn 2020 12:37:00 213 0

Cəlil Xəlilov: Azərbaycanda peşəkar zabit kadrlarının hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.

-Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.

-Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.

Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.

Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.

-Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?

-Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.

1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.

Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.

60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.

-Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?

-Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.

Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.