“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq


İqtisadiyyat 24 İyn 2020 12:00:39 231 0

“Nokia”nın yeni rəhbəri avqustdan işinin icrasına başlayacaq

“Nokia”nın hazırkı rəhbəri iyulun 31-də səlahiyyətlərini təhvil verəcək və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətinin müşaviri vəzifəsində çalışacaq

Pekka Lundmark

Finlandiyanın “Fortum” energetika şirkətinin keçmiş rəhbəri Pekka Lundmark “Nokia” telekommunikasiya şirkətinin icraçı direktoru vəzifəsinin icrasına gözləniləndən tez başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Nokia” şirkətindən bildiriblər.

Qeyd olunub ki, Pekka Lundmark daha əvvəl açıqlandığı kimi sentyabrdan yox, avqustun 1-dən etibarən yeni işinin icrasına başlayacaq. Eyni zamanda “Nokia”nın hazırkı rəhbəri Raciv Surinin iyulun 31-də səlahiyyətlərini təhvil verəcəyi və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətinin müşaviri vəzifəsində çalışacağı vurğulanıb.

Lundmark “Nokia”nın 5G avadanlıqları bazarında qarşılaşdığı bir sıra çətinlikləri həll etməli olacaq. O cümlədən “Reuters” agentliyi Avropanın ən böyük telekommunikasiya operatorlarından biri olan “Deutsche Telekom”un Finlandiya brendinin 5G-avadanlıqlarını ən pis adlandırdığını yazıb. Bundan əlavə, 5G seqmentində şirkət İsveçin “Ericsson” və Çinin “Huawei” şirkətləri tərəfindən artan rəqabətlə rastlaşır.

Qeyd edək ki, “Nokia” mobil, sabit, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlıqları istehsal edir. Onun səhmləri Frankfurt, Nyu York və Helsinki birjalarında yerləşdirilib.

QərargahıEspooda (Finlandiya) olan “Nokia” şirkətinin 2019-cu ilin yekunları üzrə əməliyyat mənfəəti 2 milyard avroya çatıb.