Azərbaycanda televiziya və radioların problemləri açıqlandı


Digərləri 24 İyn 2020 11:24:00 206 0

Azərbaycanda televiziya və radioların problemləri açıqlandı

Azərbaycanda audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycanda audiovizual industriya: 2019-cu ilin göstəricilərinin analizi, hazırki vəziyyət, proqnozlar və vəzifələr" adlı hesabatda deyilir.

İndustriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır ki, onun yenilənməsi üzərində iş Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üçün əsas vəzifələrindəndir.

Televiziya reytinqlərinin keyfiyyətli ölçmələrinin və radio kanalların fəaliyyətinin ölçmə mexanizmlərinin ümumən olmaması da sahənin inkişafına neqativ təsir edir.

2019-cu ildə ölkədə təsbit olunan reklam bazarının həcmi Azərbaycanda istehlak səviyyəsinə nisbətdə müqayisə olunmayacaq dərəcədə aşağı, eyni istehlak bazarı olan ölkələrlə müqayisədə isə əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa, COVİD-19 pandemiyası nəticəsində əhalinin iqtisadi fəallığının azalması karantin tədbirlərinin davamlılığından asılı olaraq 2020-ci il üçün televiziya və radio reklamı bazarının 15%-dən 30%-dək tənəzzülü gözlənilir.

Ödənişli televiziya xidməti sektorunda abonent bazasının cüzi azalması trendi müşahidə olunur. Bunun əsas səbəbləri xarici kanalların peyk antennaları vasitəsilə ödənişsiz baxılmasının geniş yayılması, sahənin tam tənzimlənməməsi səbəbindən ödənişli televiziya xidməti göstərən qeyri-leqal provayderlərin aktivliyi, ayrı-ayrı hallarda siqnalın son istifadəçiyə çatdırılmasında mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yaradılan texniki problemlərin mövcudluğudur.

İndustriyanın ən az inkişaf etmiş seqmenti isə, serial istehsalı istisna olmaqla, müstəqil prodüser qrupları tərəfindən televiziya məzmununun istehsalıdır. Sektorun zəif inkişafının əsas səbəbi uzun illər efir vaxtının prodüser qrupları tərəfindən alınması kimi neqativ praktikanın olmasıdır.