Azərbaycanın audiovizual industriyasının mövcud problemləri açıqlandı


Sosial 24 İyn 2020 11:01:32 174 0

Azərbaycanın audiovizual industriyasının mövcud problemləri açıqlandı

“Audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir”.

“Audiovizual industriya subyektlərinin vəziyyətinin daha təfsilatlı analizi göstərir ki, bu sahənin inkişaf templəri son illər Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafın ümumi templərinə uyğun gəlmir”.

“Report” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) məlumat yayıb.

Qeyd olunub ki, industriyann inkişafını məhdudlaşdıran ciddi faktorlardan biri köhnəlmiş qanunvericilik bazasıdır: “Onun yenilənməsi üzərində iş Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üçün əsas vəzifələrindəndir. Televiziya reytinqlərinin keyfiyyətli ölçmələrinin və radio kanalların fəaliyyətinin ölçmə mexanizmlərinin ümumən olmaması da sahənin inkişafına neqativ təsir edir”.

Ötən il ölkədə təsbit olunan reklam bazarının həcmi Azərbaycanda istehlak səviyyəsinə nisbətdə müqayisə olunmayacaq dərəcədə aşağı, eyni istehlak bazarı olan ölkələrlə müqayisədə isə əhəmiyyətli dərəcədə aşağıdır. Bundan başqa, COVID-19 pandemiyası nəticəsində əhalinin iqtisadi fəallığının azalması karantin tədbirlərinin davamlılığından asılı olaraq 2020-ci il üçün televiziya və radio reklamı bazarının 15%-dən 30%-dək tənəzzülü gözlənilir.

Ödənişli televiziya xidməti sektorunda abonent bazasının cüzi azalması trendi müşahidə olunur. Bunun əsas səbəbləri xarici kanalların peyk antennaları vasitəsilə ödənişsiz baxılmasının geniş yayılması, sahənin tam tənzimlənməməsi səbəbindən ödənişli televiziya xidməti göstərən qeyri-leqal provayderlərin aktivliyi, ayrı-ayrı hallarda siqnalın son istifadəçiyə çatdırılmasında mənzil-tikinti kooperativləri (MTK) tərəfindən yaradılan texniki problemlərin mövcudluğudur.

İndustriyanın ən az inkişaf etmiş seqmenti isə, serial istehsalı istisna olmaqla, müstəqil prodüser qrupları tərəfindən televiziya məzmununun istehsalıdır. Sektorun zəif inkişafının əsas səbəbi uzun illər efir vaxtının prodüser qrupları tərəfindən alınması kimi neqativ praktikanın olmasıdır.

2018-2020-ci illərdə həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi əməkdaşlar ilə şirkətlər arasında əmək münasibətlərinin, həmçinin, kommersiya gəlirlərinin leqallaşdırılması 2019-2020-ci illərdə industriyada müşahidə olunan müsbət trenddir.

Yuxarıda qeyd olunan problemlərin həlli demoqrafik və sosial-iqtisadi cəhətdən Azərbaycanla müqayisə oluna biləcək ölkələrdə sektorun inkişafının müsbət təcrübəsinin öyrənilməsinə əsaslanan operativ, kompleks və peşəkar yanaşmanı tələb edir. Bununla yanaşı, beynəlxalq təcrübənin tətbiqi mütləq surətdə yerli spesifikanı nəzərə alınması ilə, mərhələli şəkildə və dövlətin dəstəyi ilə həyata keçirilməlidir.

Milli Televiziya və Radio Şurası Azərbaycanda audiovizual industriyanın davamlı inkişafına nail olmaq məqsədilə qeyd olunan problemlərin həlli istiqamətində ciddi fəaliyyət göstərir.