Naxçıvanda hərbçilərə xidməti mənzillər verildi - VİDEO


Siyasət 23 İyn 2020 18:15:58 175 0

Naxçıvanda hərbçilərə xidməti mənzillər verildi - VİDEO

Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.&

Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə,26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Sədərək rayonundakı 7 mərtəbəli yeni binada hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi növbəti qayğının ifadəsi və xalq-ordu birliyinin təcəssümüdür. “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən alınaraq hərbçi ailələrinə hədiyyə edilən mənzillər lazımi məişət şəraitinə malikdir.Hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi mərasimində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə geniş quruculuq işləri aparılan rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib, yeni içməli su və kanalizasiya sistemləri qurulub. Bu gün hərbçi ailələrinə yeni xidməti mənzillərin təqdim edilməsi Sədərək rayonunun sosial-iqtisadi inkişafının, məskunlaşmanın artmasının və xalq-ordu birliyinin təcəssümüdür.

“NEQSOL Holdinq” şirkətlər qrupunun nümayəndəsi Samir Mollayev çıxış edərək Holdinqin rəhbəri Nəsib Həsənovun anadan olduğu Sədərək rayonunun müdafiəsində ayıq-sayıq dayanan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasında payı olmağından qürurlandığını bildirib. Yeni mənzillərdə yaşayacaq hərbi qulluqçuları və ailə üzvlərini təbrik edərək xidmətlərində uğurlar arzulayıb.

Tədbirdə xidməti mənzillərin orderləri Əlahiddə Ümumqoşun Ordu komandanlığına və açarları hərbi qulluqçulara təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov qeyd edib ki, bu gün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə və müzəffər Əlahiddə Ümumqoşun Orduya malikdir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi və həmin ərazilərin minalardan təmizlənərək əkin dövriyyəsinə qatılması bunu bir daha təsdiq edir.

Mənzillə təmin olunmuş zabit Ələsgər Mehdiyev bildirib ki, zabit-gizir ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin öz ordusuna, hərbi qulluqçulara və ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin nəticəsidir. Söz veririk ki, göstərilən diqqət və qayğını öz xidmətimizlə doğruldacağıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva hərbçi ailələrini təbrik edərək bildirib ki, bu gün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Ordumuza güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Dövlətimiz tərəfindən hərbçi ailələrinin rahat yaşayışının təmin olunması istiqamətində zəruri tədbirlər görülür. Sədərək rayonunda xidmət edən hərbçilərin ailələrinə təqdim edilən mənzillər də dövlət-xalq-ordu birliyindən xəbər verir.

Sonra mənzillərə baxış olub. Məlumat verilib ki, 7 mərtəbəli yeni binada hərbçi ailələrinə təqdim edilən mənzillərin hər biri ikiotaqlıdır və ümumi sahəsi 63 və 75 kvadratmetrdir. Burada bütün kommunal-məişət şəraiti yaradılıb, 2 lift, mərkəzləşdirilmiş antena və fərdi istilik sistemləri quraşdırılıb. Mənzillər müasir mebel dəstləri və bütün növ məişət əşyaları ilə tam təmin olunub.