Ekspert: “Azərbaycanın paradda iştirakı Moskva ilə Bakı arasındakı tərəfdaşlığın rəmzidir”


Siyasət 23 İyn 2020 15:55:49 192 0

Ekspert: “Azərbaycanın paradda iştirakı Moskva ilə Bakı arasındakı tərəfdaşlığın rəmzidir”

"Azərbaycan Prezidenti İlham Əliyev nasistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılmasına qarşı barışmaz mübarizəyə böyük töhfə verir"

İqor Korotçenko

“Azərbaycan Hitler Almaniyası üzərində qələbəyə çox böyük töhfə verib. Bu, təkcə iqtisadi töhfə, neft, yanacaq-sürtkü materiallarının tədarükü deyildi, həm də hərbi töhfə idi. Buna görə də Moskvada keçiriləcək Qələbə paradında Azərbaycan hərbçilərinin iştirakı birliyimizin, müasir və dostluq münasibətlərimizin, Moskva ilə Bakı arasındakı strateji tərəfdaşlıq münasibətlərinin rəmzidir”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində rusiyalı jurnalist və hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Bu, Sovet xalqının böyük qələbəsinin xatirəsinə verilən mühüm töhfədir. Bu, Azərbaycanın Hitler Almaniyasının darmadağın edilməsinə verdiyi töhfənin xatirəsidir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Moskvadakı Qələbə paradında iştirak edəcəyinə görə Azərbaycana minnətdarıq”, - o bildirib.

Ekspert Azərbaycanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə üzrə səylərini də yüksək qiymətləndirib: “Bununla əlaqədar demək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev nasistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılmasına qarşı barışmaz mübarizəyə böyük töhfə verir. Azərbaycan bu məsələdə Rusiya ilə eyni mövqedədir”.

“Həm Vladimir Putin, həm də İlham Əliyev beynəlxalq səviyyəli ən ali forumlarda nasistlərin və onların əlaltılarının hər hansı bir formada, hər hansı bir ölkədə və hər hansı bir formatda qəhrəmanlaşdırılmasının yolverilməzliyi haqqında davamlı olaraq danışırlar. Bu, tarixin saxtalaşdırılmasının qarşısını almağa yönəlmiş ardıcıl aydın mövqedir, Böyük Vətən Müharibəsi veteranlarına hörmət və onların daim xatırlandığının nümayişidir”, - deyə İ.Korotçenko fikrini yekunlaşdırıb.