Məşhur şairin ÖLÜM SİRRİ:


Digərləri 07 İyn 2020 10:00:00 182 0

Məşhur şairin ÖLÜM SİRRİ:

179 il bundan əvvəl, 1841-ci il, iyulun 27-də şair Mixail Lermontov dueldə qətlə yetirildi. O vaxtdan indiyədək mübahisələr səngimir ki, bu qətl kimə sərfəli idi və onun səbəbləri nə idi. Şairin bioqrafları mistik versiyalardan tutmuş siyasi versiyalara qədər müxtəlif fikirlər irəli sürürlər.

Son.az milyonların sevdiyi, məşhur rus şairi Lermontovun ölüm versiyaları və ölümün səbəbləri haqda geniş arayışı oxuculara təqdim edir. Bu tarix özündə o qədər sirr saxlayır ki, hadisələrin həqiqi mənzərəsini təsvir etmək həqiqətən çox çətindir.

Duelə çağırılma üçün motiv Lermontovun dostu Nikolay Martınovun ünvanına xanımların yanında deyilən kəskin sözlər olur. İstefada olan mayor qafqaz paltarı geyinməyi və qurşağında xəncər gəzdirməyi sevirdi. Və beləcə qızların təxəyyülünü heyrətə salırdı. Lermontovu bu, müəyyən qədər sanki qısqandırır: hər iki kişinin rəğbət bəslədiyi Emilya Verzilinaya məsləhət görür ki, "böyük xəncərli dağlı"dan ehtiyat etsin. Mayor dikbaş kimi tanınmırdı və duellərdə də heç vaxt iştirak etməmişdi, amma bu dəfə özünü həddən artıq alçaldılmış hiss edir və şairi duelə dəvət edir. Əslində, Lermontov özü bu hərəkətilə duelə meydan yaratmışdı.

Lermontovun pis xarakterindən bir çox müasirləri şikayət edirdi. Onu elə gözlərinin içinə baxaraq "zəhərli murdar" adlandırırdılar. Martınovun şəxsinə yönəlik təhqirli fikirlər heç də yeganə deyildi, hətta nisbətən zəif hesab olunanlardandır. Şairə belə bir xasiyyətnamə vermişdilər: "Xaraktercə o, şıltaq və əsəbi idi. Bəzən şitliyi yerə-göyə sığmır, bəzən nəzakətli, bəzən dalğın, bəzən laqeyd və bəzən də etinasız idi. Saatlarla susa bilərdi, və ona sualla müraciət edənlər istehzalı cavablar alırdılar".

Bəziləri hesab edirdilər ki, deul-görüş əvvəldən planlaşdırılmış qətlin üstünü örtməyə əla imkan idi. Çünki şairin ölümünü arzulayan şəxslərin sayı itirilmişdi. Hətta SSRİ dövründə ən məşhur versiya bu idi ki, guya Lermontov siyasi sifariş əsasında jandarm rəhbəri Benkendorfun yaxud elə I Nikolayın özünün əmri ilə qətlə yetirilib. Yazırdılar ki, imperatorun sərəncamı ilə şair Peterburqdan sürgün olunur, Pyatiqorskda onu jandarmlar izləyir və duelin özü də təsadüfi deyil, məhz planlaşdırılıb. Digər tədqiqatçılar da bu versiya ilə razılaşırlar ki, Lermontovun taleyi dueldən xeyli əvvəl həll olunmuşdu və düşmənləri onun üzərinə hansısa şəxsi salmaq üçün bəhanə axtarırdılar.

Lakin "Lermontovun I Nikolayın agentləri tərəfindən qəsdən öldürülməsi" versiyasını kifayət qədər əsaslandırılmış saymaq olmaz. Düzdür, imperator Lermontovun "şairin ölümü" şeirini bəyənməmişdi və ciddi tənqid də etmişdi, onu həyasız azadfikirlilikdə qınamışdı. Buna görə şairi Qafqazda fəaliyyət göstərən orduya xidmətə də göndərmişdi. İmperatorun ondan narazı olma səbəbləri çox idi, lakin bu o demək deyildi ki, imperator şairə xüsusi nifrət edir, ələlxüsus da onun qətlinə fərman vermək istəyir. Lermontov çətin ki, imperator üçün təhlükəli fiqur idi və buna görə, ən ifrat tədbirlərə əl atmağa ehtiyac yox idi.