Mənzil necə özəlləşdirilir?


Digərləri 06 İyn 2020 22:35:00 170 0

Mənzil necə özəlləşdirilir?

Mənzilin özəlləşdirilməsi - vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları yaşayış sahələrinin onların mülkiyyətinə verilməsidir. Yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunu ilə tənzimlənir. Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdu.

Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Mənzilin özəlləşdirilməsi üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:

mənzil sahəsinin orderi; mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur); mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma). Dövlət rüsumunun məbləği

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi - 30 manat (7 iş günü); Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün - 50 manat (7 iş günü) Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi - 10 manat. Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.