Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik?


Digərləri 06 İyn 2020 14:19:00 222 0

Həftəsonu karantin günlərimizi necə xoş keçirə bilərik?

Həftəsonu karantin qaydalarının yenidən sərt formada tətbiqi vaxtını əyləncəli keçirmək istəyən bəzi insanlar tərəfindən o qədər də xoş qarşılanmır.

Son.az Trend-ə istinadən xəbər verir ki, "karantin günlərində nə edəcəyik?" deyən belə insanların əksəriyyəti bu günləri səmərəsiz gün kimi dəyərləndirirlər. Əslində isə belə günləri insanların ailə içərisində vaxt keçirə bilməsi üçün verilən bir şans kimi də dəyərləndirmək olar.

Mütəxəssislər də bu barədə dəfələrlə bildiriblər ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin və özünütəcrid insanlara özünü inkişaf etdirmək, ailəsi ilə vaxt keçirməyə kifayət qədər imkan verir. Belə günlərdə uşaqlı ailələr öz günlərini daha maraqlı keçirə bilərlər.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində bununla əlaqədar hətta xüsusi maarifləndirmə layihəsi də həyata keçirilib. Layihənin məqsədi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi "Instagram" səhifəsində (https://www.instagram.com/unicef_azerbaijan/) yer alıb. Burada valideynlərə hətta evdə edə biləcəkləri fəaliyyətlər barədə də məlumatlar və tövsiyələr təqdim edilib. Karantin günlərində vaxtını səmərəli keçirmək arzusunda olanlar bu tövsiyələrdən istifadə etməklə övladları ilə günlərini xoş və maraqlı keçirə bilərlər.

Psixoloq Elnarə Baxışlı Trend-ə bildirib ki, epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik hissi yaradır. Çünki bu zaman insan vəziyyətə nəzarət hissini itirir.

Psixoloq əlavə edib ki, belə bir halda əsas iş dünya təcrübəsinə nəzər yetirərək düzgün davranış strategiyasını müəyyən etməkdir.

E.Baxışlı əlavə edib ki, insanlar dünyada sürətlə yayılan koronavirus təhlükəsinin ciddiliyini nəzərə alaraq, kütləvi tədbirlərdən və ictimai yerlərdən kənar olmalı, özünün və yaxınlarının sağlamlığına təsir göstərəcək gigiyenik davranış qaydalarına riayət etməlidir: