Avstriyada islamofobiya və ksenofobiya meyilləri güclənib


Dünya 05 İyn 2020 22:50:00 150 0

Avstriyada islamofobiya və ksenofobiya meyilləri güclənib

Avropa Şurasının Anti-diskriminasiya Komitəsi (ECRI) Avstriyada getdikcə güclənməkdə olan islamofobiya və ksenofobiya meyillərini tənqid edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, komitə ilk növbədə Avstriyada ibtidai məktəblərdə hicab qadağasını nəzərdə tutan qanuna yenidən baxılmasına çağırıb. Qeyd edilib ki, bu qanunda neytrallıq prinsipi qorunmalı və şagirdlərin bəlli bir qrupunun diskriminasiya altına alınmasına xidmət edən istənilən formadan imtina edilməlidir.

Komitənin ekspertləri öz hesabatlarında həmçinin qeyd ediblər ki, Avstriya cəmiyyətində gedən debatlarda və ictimai fikirdə müsəlman və qaçqınlara qarşı islamofobiya və ksenofobiya meyilləri aşkar şəkildə müşahidə olunur. Siyasətçilərin çıxışları cəmiyyətdə qütbləşmə aparmağı hədəfə alır, xüsusilə, Avstriya Azadlıq Partiyasının (FPÖ) təmsilçilərinin çıxışları irqçi fikirlərlə zəngindir.

Komitənin araşdırmalarına görə, Avstriyada hələ də nifrət yayan çıxışlar və nifrət motivasiyalı zorakılıq hallarının müfəssəl və sistematik toplandığı reyestr mövcud deyil. Bu sahədəki cinayətlərin sistemli şəkildə qeydə alınmaması zaman keçdikcə problemə çevrilir. Eyni zamanda 2017-ci ildə prokurorluq orqanları nəzdində yaradılan və nifrət yayan cinayətlərin təqibinə xidmət edən şöbələrin hələ də öz fəaliyyətinə start verməməsi tənqid edilən məqamlar sırasında yer alıb.