Azərbaycan müğənnilərinin "Şirinçay mahnılar"ı


Şou-biznes 05 İyn 2020 19:54:00 196 0

Azərbaycan müğənnilərinin "Şirinçay mahnılar"ı

Son.az kulis.az-a istinadən Qismətin "Şirinçay mahnılar" yazısını təqdim edir:

Vaxtilə dilimizdə "ara mahnıları" ifadəsi vardı, heç bir sənətşünaslıq təsnifatına ehtiyac duymadan cəmiyyət yüngül mahnılara bu adı özü layiq bilmişdi. Bu, o vaxtlar idi ki, şadlıq sarayları hələ var gücüylə çəngəl-bıçağını musiqi sektoruna batırmamış, zövqümüzə dünəndənqalma mayonez əndərməmiş, eyni diringəni qızdırıb-qızdırıb qulağımıza servis etməyə başlamamışdı. Onda hələ "musiqili meyxana" adlanan bədheybət sənət bulağının qabağını kəsməmişdi, onda hərəsi bir quyuda yaşayan əjdaha müəllimlər zövq almasını oğurlayaraq əvəzinə bir sintezator danqıltısı qoyaraq aradan çıxmamışdı. İndi əjdaha axtaran bütün uzunsaçlar kliplərində ağlamalı sözlərə oynaya-oynaya darıxır, əjdahasını tapanlar isə gülməli sözlərə ağlamsına-ağlamsına sevinirlər...

Ötən günlərdə yutubda trend olan yeni mahnılarımıza qulaq asdım. Mahnıların hamısı eyni qəlibin rəngsiz-ruhsuz, zövqsüz kopyasıdır. Bu mahnıların mütləq əksəriyyəti "an"la bitən meyxana qafiyəsi üstündə yazılıb və toyxanaya hesablanıb. İlk onluqda olan bir neçə mahnının sözlərindən bəzi hissələrə baxaq:

Vəfa Şərifova - Canımsan mənim.

"Səni sevirəm, canımsan mənim, Hər dəqiqəm, anımsan mənim.

Aşiqinəm, canım-ciyərim, Şirinimsən, balım-şəkərim, Sevgidə sənsən şah əsərim, Romanım, dastanımsan mənim..."

Vəfa xanım əksər kliplərində olduğu kimi, burada da cürbəcür paltarlar dəyişir, BMW sürür və imkan olanda, yaxud yadına "canımsan mənim" dediyi adam düşəndə, maşını qırağa verib rəqs etməyə başlayır. Mahnının sözləri də, musiqisi də Fuad Təqvalınındır. Ümumiyyətlə, bu imzaya bir neçə mahnının altında rast gəldim, deyəsən yeni fenomendir. Məncə, bu mahnını Ağamirzə yazsaydı, qafiyə qurtaranda "adə, karmanımsan mənim" kimi yazardı. Nə isə, başqa bir mahnıya baxaq:

Aysun İsmayılova - Əzizsən. Sözləri və musiqisi yaradıcılığının məhsuldar dövrünü yaşayan Fuad Təqvalınındır.

"Sən mənə candan da əzizsən, Dünya, cahandan da əzizsən.

...Sənə hər anımla qurbanam mən, Elə bu canımla qurbanam mən, Hər zamanımla qurbanam mən, Deməli zamandan da əzizsən."

Yenə eyni qəlib, "an" qafiyəsi üstündə yazılmış diringə. Zövq də, məntiq də sürgünə göndərilib. Bu qafiyə ilə nə qədər desəniz, əttökənlik etmək olar, test edək: