Hubeydə daha COVID19 xəstəsi yoxdur


Dünya 05 İyn 2020 19:48:00 153 0

Hubeydə daha COVID19 xəstəsi yoxdur

Çində yeni növ koronavirusun aşkarlandığı və ən çox yayıldığı Hubey vilayətindəki xəstəxanalarda müalicə alan bütün təsdiqlənmiş COVID-19 xəstələri sağalıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Hubey şöbəsi məlumat yayıb. Bildirilir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhərindəki 3 xəstə müalicəni başa vuraraq, ötən gün evə buraxılıblar. Onlardan COVID-19 infeksiyasına yoluxmanın müəyyən edilməsi üçün son 24 saatda iki dəfə götürülmüş nümunələrin analiz nəticələri mənfi çıxıb. Ötən sutka izolyasiyada olan 28 asimptomik xəstə də karantin müddətini başa vurub. Hazırda vilayətdə 217 asimptomik xəstə tibbi nəzarət altındadır.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi ötən sutka Çində daxili ötürülmə ilə yoluxma aşkarlanmadığını, xarici mənşəli isə 5 yoluxma halı qeydə alındığını açıqlayıb. Ölkə üzrə 8 pasiyentin müalicəni başa vuraraq xəstəxananı tərk etməsi ilə Çindəki aktiv xəstələrin sayı 66-ya enib.

Qeyd edək ki, ötən ilin dekabrında vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində aşkarlanan yeni növ koronavirusa Hubeydə indiyədək 68 min 135 yoluxma qeydə alınıb. Onların 4512 nəfəri ölüb. Bundan əvvəl aprelin 26-da Uxan şəhərində təsdiqlənmiş COVID-19 xəstələrinin sayı sıfıra enmişdi.