“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı


Digərləri 05 İyn 2020 17:33:00 146 0

“Azərişıq” və “Azəriqaz” ucqar kəndlərdə birgə layihələrin icrasına başladı

"Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyi ucqar dağ kəndlərində kommunal problemlərin həlli ilə bağlı birgə layihələrin reallaşdırılmasına start verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılması istiqamətində hər iki qurum qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır.

"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması proqramına əsasən, Gədəbəy rayonunun ən ucqar dörd kəndində - Qasımlı (abonent sayı 73), Əyrivəng (abonent sayı 113), Arıqıran (abonent sayı 447), Qərqər kəndlərində (abonent sayı 387) 10 və 0,4 kv-luq şəbəkələrin yenidənqurulmasına başlanılıb.

Qasımlı kəndində 10 və 0,4 kv-luq dayaqlar tam olaraq quraşdırılıb. Əyrivəng kəndində 0,4 kv-luq dayaqlar quraşdırılıb, işlər davam edir. Arıqıran və Gərgər kəndlərində elektik şəbəkələrinin yenidənqurulması istiqamətində hazırlıq işləri aparılmaqdadır. Hazırda ümumilikdə 1020 abonentin olduğu sözügedən dörd kənddə işlər davam etdirilir. Transformator məntəqələri, kabellər, dayaqlar hətta sayğaclar belə yeniləri ilə əvəz olunur. Bir sözlə, yaşayış məntəqələrinin elektrik təsərrüfatı tamamilə yenilənir.

Paylayıcı elektrik şəbəkənin yenidən qurulmasında əsas məqsəd istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Xatırladaq ki, "Yeni kəndlər" layihəsi çərçivəsində "Azərişıq" ASC indiyədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerjisi sistemini tamamilə yenidən qurub.