Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir


Siyasət 04 İyn 2020 21:08:00 201 0

Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir

Bugünkü könüllülər sabahın rəhbərləridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışından sonra ASAN könüllüləri ilə görüş zamanı çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Mən çox şadam ki, "ASAN xidmət" mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi "ASAN xidmət" mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək. Əslində, Azərbaycanda könüllülər hərəkatı "ASAN xidmət"dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. "ASAN xidmət"dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında - Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir. Mən göstəriş vermişəm ki, dövlət təşkilatlarında, nazirliklərdə, dövlət şirkətlərində könüllülər işə cəlb edilsin, onlar təcrübə keçsinlər. Çünki bugünkü könüllülər sabahın rəhbərləridir. Təsadüfi deyil ki, mənim Sərəncamımla bu il "Könüllülər ili" elan edilmişdir. Bu, bir daha bizim könüllülərin fəaliyyətinə göstərdiyimiz diqqəti və münasibəti əks etdirir.

Beləliklə, gənclər "ASAN Həyat", "ASAN xidmət" mərkəzlərində fəaliyyətləri ilə Vətənə çox böyük xidmət göstərmiş olurlar. Əlbəttə ki, burada peşəkarlıq da yüksək səviyyədədir. Ümumiyyətlə, qeyd etdiyim kimi, ictimai münasibətlərin tamamilə yeni forması Azərbaycanda tətbiq olunur. Çünki əvvəlki dövrdə ictimai xidmətlər sahəsində korrupsiyadan, rüşvətxorluqdan başqa, deyə bilərəm ki, kobudluq, laqeydlik də adi bir hala çevrilmişdir. Amma "ASAN xidmət" mərkəzlərində buraya gələn hər bir vətəndaşa hörmət göstərilir, onların problemləri operativ qaydada, şəffaf şəkildə həll olunur. Ona görə biz haqlı olaraq fəxr edə bilərik ki, "ASAN xidmət" Azərbaycanın milli brendidir. Təsadüfi deyil ki, BMT "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib, xüsusi mükafat təqdim edib. Əlbəttə ki, bu xidmətin beynəlxalq müstəvidə tanıdılması ölkəmiz haqqında düzgün təsəvvürün yaranmasında da rol oynayır.

Biz əməkdaşlığa açığıq. Qeyd etdiyim kimi, biz artıq bir neçə ölkə ilə bu mərkəzlərin o ölkələrdə yaradılması ilə əlaqədar işlər görmüşük və müvafiq addımlar da atılıb. Növbəti mərhələdə həm bu il, həm gələn il bölgələrdə, Bakı şəhərində yeni mərkəzlərin açılışı nəzərdə tutulur. Hazırda Bakıda beş mərkəz fəaliyyət göstərir. Ancaq bildiyimə görə, bəzi mərkəzlərdə sıxlıq müşahidə olunur. Çünki birincisi, xidmətlərin sayı artdı. "ASAN xidmət" fəaliyyətə başlayanda xidmətlərin sayı, səhv etmirəmsə, 100-ə qədər idi, indi isə 320-dir. Əhali də artır və müraciətlərin sayı da artır. Ona görə Bakı şəhərində əlavə iki mərkəzin yaradılması ilə bağlı qərar qəbul edildi. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərinin hər birində ikinci mərkəzin açılışı nəzərdə tutulur və digər şəhərlərdə.

Nəzərə alsaq ki, "ASAN xidmət"in 10 səyyar avtobusu fəaliyyət göstərir, hesab edirəm ki, biz, növbəti 2-3 il ərzində ölkəmizin bütün bölgələrini əhatə edəcəyik və insanlara çox gözəl xidmət göstərəcəyik. Mən hər bir yeni mərkəzin açılışında bir yenilik də görürəm. Çünki "ASAN xidmət" öz fəaliyyətini genişləndirir, ABAD kimi brend artıq fəaliyyətdədir və ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar dövlət dəstəyi xüsusi rol oynayır. Ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını artıq bazara çıxarırlar, eyni zamanda, ixrac etməyə başlayırlar. Bu da ümumi iqtisadi inkişafımıza böyük töhfədir.

Bildiyiniz kimi, hazırda biz özünüməşğulluq proqramı ilə ciddi məşğuluq. Bu il ən azı 10 min insan bu proqrama cəlb ediləcək. O cümlədən ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Bilirəm ki, mənim çağırışımla özəl şirkətlər də ABAD-la müqavilələr bağlayıb, onlara vəsait ayırıb ki, bu sahədə işlər daha geniş vüsət alsın.

Bu mərkəz Ağcabədi rayonu üçün yeni bir xidmət, istirahət, eyni zamanda, əyləncə mərkəzi olacaqdır. Burada iki kinoteatr fəaliyyət göstərir. Bildiyimə görə, Ağcabədi şəhərində kinoteatr yoxdur. Burada gənclərin asudə vaxtlarını keçirmələri üçün imkanlar var, ABAD ticarət mərkəzi fəaliyyət göstərir. Ona görə bu mərkəz insanları cəlb edəcək. Ağcabədi gəncləri burada işlə təmin olunurlar. Qeyd etdiyim kimi, 200-dən çox iş yeri yaradılır ki, bu iş yerlərində gənclər çalışacaqlar.

Bu mərkəzin Ağcabədi rayonunda yaradılması təsadüfi deyil. Ağcabədi əhali baxımından ölkəmizin ən böyük rayonlarından biridir. Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün bir çox işlər görülübdür. Bu, mənim Ağcabədiyə Prezident kimi 7-ci səfərimdir və bu illər ərzində çox böyük işlər görülübdür. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır. Bu gün Ağcabədidə açılacaq yeni yarımstansiya rayonu dayanıqlı enerji ilə təchiz edəcək. Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur. Yeni yolların çəkilişi. Mənim növbəti sərəncamlarımda yeni yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayrılması nəzərdə tutulub. Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında onlar təsbit edilib. Biz bütün yolları abadlaşdıracağıq".